Asiman İlyasov: Azərbaycan universitetlərinin reytinq uğuru birgə əməkdaşlığın nəticəsidir

26 Mart, 2026 - 12:30
Asiman İlyasov: Azərbaycan universitetlərinin reytinq uğuru birgə əməkdaşlığın nəticəsidir

Son illərdə Azərbaycanın ali təhsil sistemi beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirərək yeni inkişaf mərhələsinə qədəm qoyub. 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi” bu baxımdan ölkəmizin ali təhsil müəssisələri üçün xüsusilə diqqətçəkən nəticələrlə yadda qaldı. Belə ki, artıq ölkəmizin 7 universiteti 22 müxtəlif sahə üzrə adıçəkilən reytinqdə təmsil olunur ki, bu da həm universitetlərin sayında, həm də ixtisas istiqamətlərində əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Bu dinamika Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini və qlobal akademik mühitə daha fəal inteqrasiya olunduğunu göstərir.

Ən mühüm məqamlardan biri isə Bakı Dövlət Universitetinin ilk dəfə olaraq bu nüfuzlu reytinqdə top 100-lüyə daxil olmasıdır.Bununla yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti nəticələrini daha da yaxşılaşdıraraq inkişaf dinamikasını qoruyub, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer almaqla davamlılığını nümayiş etdirib.

Eyni zamanda, 3 ali təhsil müəssisəsimizin (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olması ölkəmizin ali təhsil coğrafiyasının beynəlxalq arenada genişləndiyini və müxtəlif sahələr üzrə ixtisaslaşmanın gücləndiyini göstərir. Qeyd edək ki, Azərbaycan adıçəkilən reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsi kimi də fərqlənir. Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir. 

“Azərbaycan müəllimi”nə açıqlamasında Bakı Dövlət Universitetinin rektorunun keyfiyyət təminatı üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Asiman İlyasov söyləyir ki, beynəlxalq reytinqlər universitetlərin tədris, tədqiqat, beynəlmiləlləşmə və innovasiya fəaliyyətlərinin müqayisəli şəkildə qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu reytinqlər ali təhsil müəssisələrinin fəaliyyətində rəqabətliliyi artırır və onların strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir. Eyni zamanda, beynəlxalq reytinqlərdə yüksək mövqe tutmaq universitetlərin akademik nüfuzunun yüksəlməsinə, beynəlxalq əməkdaşlıqların genişlənməsinə, əcnəbi tələbə və akademik heyət axınının artmasına, eləcə də maliyyə və investisiya imkanlarının genişlənməsinə şərait yaradır. Bu baxımdan, beynəlxalq reytinqlər ali təhsil müəssisələri üçün həm effektiv strateji idarəetmə aləti, həm də qlobal rəqabət qabiliyyətinin əsas göstəricilərindən biri kimi çıxış edir: ““2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə Bakı Dövlət Universitetinin ilk dəfə olaraq top 100-lüyə daxil olması qürurvericidir. Belə ki, nəticələrə əsasən, BDU cari ildə əhəmiyyətli uğur əldə edərək ilk dəfə 2 geniş ixtisas kateqoriyası üzrə reytinqdə yer alıb. Bununla yanaşı, universitetimiz 8 dar ixtisas sahəsi üzrə də reytinqə daxil olub ki, bu da ötən illə müqayisədə 4 dəfə artım deməkdir. Bu göstəricilərə əsasən, BDU Azərbaycanı ən çox ixtisas sahəsi üzrə təmsil edən ali təhsil müəssisəsi kimi də önə çıxır. Eyni zamanda, reytinq nəticələrinə görə, ilk dəfə olaraq BDU-nun 1 ixtisası qlobal miqyasda TOP 100-lükdə, 7 ixtisası isə TOP 500-lükdə qərarlaşmışdır ki, bu da əvvəlki illə müqayisədə 7 dəfə artımın qeydə alındığını göstərir”.

Müşavirin sözlərinə görə, əldə olunan nəticələr təsadüfi deyil və son illər ali təhsil sistemində həyata keçirilən məqsədyönlü strategiyanın məntiqi nəticəsidir. Belə ki, universitetlərdə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və akademik heyətin inkişafına yönəlmiş addımlar bu uğurun əsasını təşkil edir.

Asiman İlyasov onu da bildirir ki, Azərbaycan Respublikasında ali təhsil sahəsində beynəlxalq rəqabət qabiliyyətinin artırılması məqsədilə qlobal reytinqlərdə mövqelərin yaxşılaşdırılması mühüm strateji hədəf kimi müəyyən edilmişdir. Xüsusilə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda ən azı üç ali təhsil müəssisəsinin dünyanın aparıcı qlobal reytinqlərində top-800-də yer alması prioritet istiqamət kimi qeyd olunur. Bu hədəf universitetlərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və akademik nüfuzun artırılması ilə birbaşa bağlıdır.

Alim söyləyir ki, “QS sahələr üzrə dünyanın ən yaxşı universitetləri” reytinqi universitetlərin ixtisas və sahə üzrə güclü tərəflərini beynəlxalq səviyyədə qiymətləndirən vacib göstəricidir: “Bu reytinq universitetlərə elmi və tədris sahələrində rəqabət qabiliyyətini artırmaq, strateji inkişaf istiqamətlərini müəyyənləşdirmək və akademik nüfuzunu yüksəltmək imkanı verir. Eyni zamanda, tələbələr, müəllimlər və beynəlxalq tərəfdaşlar üçün universitetlərin spesifik sahələr üzrə üstünlüklərini aşkar etməyə yardımçı olur”.

Asiman İlyasov digər bir vacib məqamı diqqətə çatdıraraq Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə nailiyyətlərinin artırılmasında Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və ölkənin qabaqcıl universitetlərinin birgə uğurlu fəaliyyətini xüsusi vurğulayır: “Hər üç tərəf beynəlxalq reytinq təşkilatları ilə əməkdaşlıq çərçivəsində göstəriciləri müvafiq qiymətləndirmə meyarları və metodologiyaları əsasında təhlil edir və ali təhsil müəssisələrinin inkişafını təmin edəcək təkmilləşdirmə strategiyaları hazırlayırlar. Bu uğurlu əməkdaşlıq Azərbaycan universitetlərinin qlobal reytinqlərdə mövqeyinin möhkəmlənməsinə və ölkənin ali təhsilinin beynəlxalq nüfuzunun artmasına imkan yaradır”.

Məlumat üçün bildirək ki, dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsinin və 21000-dən çox təhsil proqramının qiymətləndirildiyi “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi” 5 geniş sahəni və 55 fənni əhatə edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.