Rahid Ələkbərli: Süni intellektin yaratdığı saxta materialları real məlumatlardan ayırmaq çətinləşib
"Süni intellekt vasitəsilə yaradılan saxta audio, video və vizual materialların real məlumatlardan fərqləndirilməsi çətinləşib"
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetinin Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli deyib.
O, süni intellektin iqtisadi və təhlükəsizlik aspektlərinə, müdafiə texnologiyalarının inkişafına, kibertəhlükəsizlik sahəsində yaranan yeni çağırışlara və imkanlara toxunub.
O, texnoloji inkişafın bu sahələrdə ixtisaslı mütəxəssislərə tələbatı artırdığını və gələcəyin əmək bazarında texnoloji biliklərlə yanaşı, analitik düşüncə və rəqəmsal bacarıqların da mühüm rol oynayacağını vurğulayıb.
Çıxış zamanı süni intellekt və digər müasir texnologiyaların gündəlik həyata, eləcə də peşəkar fəaliyyətə tətbiqinin yaratdığı imkanlar və mümkün risklər müzakirə olunub. Rahid Ələkbərli süni intellekt alətlərindən istifadə zamanı etik prinsiplərə riayət edilməsinin, əldə olunan məlumatların yoxlanılmasının və texnologiyaların imkanlarından məsuliyyətli şəkildə yararlanmağın vacibliyini diqqətə çatdırıb.
O, həmçinin "Deepfake" texnologiyasına toxunaraq, süni intellekt vasitəsilə yaradılan saxta audio, video və vizual materialların yaratdığı risklərdən danışıb. Bu cür məzmunun real məlumatlardan fərqləndirilməsinin çətinləşdiyini, dezinformasiya və yanlış təsəvvürlərin yayılmasına səbəb ola biləcəyini qeyd edib. Bu baxımdan, rəqəmsal savadlılığın artırılmasının, informasiya mənbələrinin yoxlanılmasının və süni intellektlə yaradılmış məzmuna tənqidi yanaşmanın vacibliyini vurğulayıb.
Rahid Ələkbərli, eyni zamanda, süni intellektlə effektiv qarşılıqlı əlaqənin qurulmasında "Prompt Engineering" bacarıqlarının əhəmiyyətindən danışıb. Qeyd edib ki, düzgün və dəqiq sorğuların (promptların) formalaşdırılması süni intellekt alətlərindən daha səmərəli istifadəyə imkan verir. Sorğuların düzgün qurulmaması isə yanlış nəticələrin və məlumat xətalarının yaranmasına səbəb ola bilər. Bu baxımdan, texnologiyadan istifadə edən şəxslərin yalnız alətlərlə işləmək deyil, həm də onların təqdim etdiyi nəticələri təhlil və tənqidi qiymətləndirmək bacarığına yiyələnməsinin vacibliyi vurğulanıb.
Rahid Ələkbərli “Maarifçi” proqramının gənclərin inkişafında və gələcəyin mütəxəssislərinin yetişdirilməsində rolunu da vurğulayıb. O, proqram iştirakçılarının qazandıqları bilik və təcrübəni gələcək fəaliyyətlərində tətbiq etməklə ölkənin texnoloji inkişafına, innovativ təşəbbüslərə və insan kapitalının gücləndirilməsinə töhfə verə biləcəklərini qeyd edib. Onun sözlərinə görə, “Maarifçi” kimi təşəbbüslər gənclərin potensialının üzə çıxarılması və gələcəyin çağırışlarına hazır mütəxəssislər kimi formalaşması baxımından əhəmiyyətlidir.




