Aşpaz olmaq istəyirdi, ailə təsərrüfatı onu baytarlığa gətirdi - Vaqifin peşə yolu
Əvvəl aşpaz olmağı arzulayırdı, amma baytar olmaq üçün real addım atdı. Vaqif Nağızadə günü bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Baytar texniki” kimi yetişir.
Niyə baytar texniki? Necə oldu bu ixtisası seçdi?
“Azərbaycan müəllimi”nə qərarlarından danışan Vaqif deyir ki, Qəbələdə doğulub-böyüyən uşaqlardandır. Ali təhsil almaq arzusu hələ orta məktəb illərindən sönüb. Pandemiya VI sinifdə oxuyan Vaqifin dərslərə marağını bir qədər azaldıb: “Dərslərimiz onlayn keçirilirdi. Bir dəfə alınır, növbəti dəfə alınmır, gah qoşula bilir, gah da qoşula bilmirdim”.
Sadəcə pandemiya deyil, yaşayış şəraiti ilə əlaqədar məktəb dəyişikliyi də ona təsir edib: “VII sinfə qədər Biləcəri qəsəbəsindəki 299 nömrəli tam orta məktəbdə oxudum, sonra o məktəbdən çıxıb 297 nömrəli tam orta məktəbə getdim. VIII sinifdə oxuyanda isə ailəmlə Bakıdan Qəbələyə köçdük və Kiçik Əmili kənd tam orta məktəbində ümumi orta təhsilimi tamamladım”.
Oxumaq üçün hər hansı ixtisas yox, o özünə peşə seçdi
IX sinfi bitirdikdən sonra peşə təhsilinə üz tutub. Bəs bu ixtisası necə müəyyənləşdirib?
Vaqif deyir ki, əslində aşpaz olmaq istəyirmiş: “Hələ orta məktəbdə oxuyanda qərar vermişdim ki, böyüyəndə peşə təhsili alacağam. Əslində niyyətim aşpaz olmaq idi, mətbəxə həvəsim vardı”.
Amma ailəsinin məşğuliyyəti - atasının Bakıda kiçik quşçuluq təsərrüfatı qurması onun planlarına təsir edib: “Bir müddət ailəm ilə birlikdə Bakıda yaşadıqdan sonra yenidən Qəbələyə köçərək burada təsərrüfatımızı genişləndirdik. Fikirləşdim ki, Qəbələyə təsərrüfatla məşğul olmağa gəlmişik, baytarlığı seçsəm, mənim üçün ikitərəfli yaxşı olar - həm evdə, həm məktəbdə”.
Beləliklə, ailə təsərrüfatının inkişafı onu təhsil istiqamətini dəyişdirməyə məcbur edib: “Qərara gəldim və ailəmlə də məsləhətləşdim. Onların lap ürəyindən oldu. Peşə təhsili müəssisələrinə qəbul prosesi başlayanda qeydiyyatdan keçdim. Qəbul boyu atamla birlikdə hərəkət etdik. Atam da çox həvəsli idi. Seçimimdə öz təsərrüfatımızı nəzərə almağım, onun inkişafına töhfə vermək istəməyim onu qürurlandırmışdı”.
“İxtisasımıza uyğun praktik bacarıqlar əldə edirik”
Artıq II kurs tələbəsi olan Vaqif ixtisasını çox sevir: “3 illik “Baytar texniki” ixtisası üzrə təhsil alıram. Bu sahədə yaxşı mütəxəssis olmaq istəyirəm”.
Bu baxımdan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan istehsalat təlimi dərsləri və praktik məşğələlər onun və tələbə yoldaşlarının inkişafında mühüm rol oynayır: “Mütəmadi olaraq Qəbələ rayonunda fəaliyyət göstərən fermalara təcrübə səfərləri edirik. Orada real iş mühiti ilə tanış olur və ixtisasımıza uyğun praktik bacarıqlar əldə edirik”.
Öyrəndiyim bilikləri yalnız dərslərdə deyil, eyni zamanda öz ailə təsərrüfatımızda tətbiq edirəm
Tələbə aldığı təhsilin əhəmiyyətindən danışıb: “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həm nəzəri, həm də praktik biliklər qazanırıq. Öyrəndiyim bilikləri yalnız dərslərdə deyil, eyni zamanda öz ailə təsərrüfatımızda tətbiq edirəm. Odur ki, hazırda ən böyük təcrübə meydanım öz təsərrüfatımızdır. Bacarıqlarımı məhz öz təsərrüfatımızda təkmilləşdirirəm. Bu da mənim peşəm üzrə daha tez inkişaf etməyimə və real nəticələr əldə etməyimə imkan yaradır”.



