Azərbaycan Prezidenti: Böyük Qayıdış Proqramı uğurla icra olunur

20 Aprel, 2026 - 10:55
Azərbaycan Prezidenti: Böyük Qayıdış Proqramı uğurla icra olunur

“Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətdə qeyd edib.

Prezident daha sonra bunları qeyd edib: “80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə edib.