Azərbaycan təhsilinin 94 illik yaddaşı
Azərbaycanın zəngin maarifçilik ənənələrinin, pedaqoji fikrinin və milli-mənəvi dəyərlərinin qorunub yaşadıldığı və nəsildən-nəslə ötürülən nadir məkanlardan biri olan Xalq Təhsili Muzeyi özünün 94 illiyini qeyd edir. Bu unikal elm və mədəniyyət ocağı demək olar ki, bir əsrə yaxın müddətdə xalqımızın təhsil tarixinin canlı salnaməsinə çevrilmişdir. Muzey yalnız təhsilimizin keçmişinin, dünəninin, bu günün izlərini qoruyub saxlamır, eyni zamanda maarifçilik ideyalarının inkişaf yolunu, Azərbaycan ziyalılarının zəhmət və fədakarlığını, təhsil sisteminin müxtəlif mərhələlərdə qazandığı nailiyyətləri geniş ictimaiyyətə təqdim edir.
Bu illər ərzində muzey öz zəngin ekspozisiyaları ilə ziyarətçilərini zamanın dərin qatlarına apararaq, qədim dövrlərdən başlayıb müasir müstəqillik mərhələsinə qədər uzanan təhsil yolumuzu ardıcıllıqla nümayiş etdirir. Burada hər bir eksponat, sənəd, fotoşəkil Azərbaycan müəlliminin zəhmətindən, ziyalı fədakarlığından, xalqın elmə və biliyə olan sonsuz ehtiramından xəbər verir.
Xalq Təhsili Muzeyi yalnız keçmişin qoruyucusu deyil, həm də gələcəyə ünvanlanan bir mənəvi körpüdür. Onun salonlarında nümayiş etdirilən materiallar, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti, təhsilin inkişaf mərhələlərini əks etdirən nadir nümunələr gənc nəsildə elmə maraq, milli kimliyə bağlılıq və vətənpərvərlik hisslərini gücləndirir.
Muzey bu gün də zəngin fondları, nadir eksponatları və elmi əsaslarla qurulmuş ekspozisiyaları ilə ziyarətçiləri Azərbaycan təhsilinin çoxşaxəli inkişaf yolu ilə yaxından tanış edir.
Özünün 94-cü ilini geridə qoyan Xalq Təhsili Muzeyinin fəaliyyətinə adıçəkilən unikal məkanın direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Zülfiyyə Şiriyeva ilə birlikdə nəzər saldıq.
“Bizim muzey Azərbaycan təhsilinin canlı tarixidir”
“Bizim muzey sadəcə eksponatların toplandığı məkan deyil, bu, Azərbaycan təhsilinin canlı tarixidir”, - deyə Zülfiyyə Şiriyeva söhbətə başlayır.
Onun sözlərinə görə, 27 aprel 1932-ci ildə yaradılan Xalq Təhsili Muzeyi təhsil tariximizi təbliğ və təqdim edir: “Muzeydə təhsil sahəsində böyük xidmətləri olan maarifçilərə, elm xadimlərinə, pedaqoq-alimlərə, ziyalılara, iş təcrübəsi geniş yayılan qabaqcıl müəllimlərə və təhsil müəssisələrinə dair sənəd və materiallarla yanaşı, tədris prosesini əks etdirən fotoşəkillər, müxtəlif illərə məxsus dərslik və proqramlar, tədris müəssisələrində istifadə edilən dərs, eləcə də texniki vəsaitlər və ləvazimatlar, şagird, tələbə və müəllimlərin əl işləri, albomlar, maketlər və digər eksponatlar nümayiş etdirilir.
Hər salonda təhsilimizin ayrı-ayrı mərhələləri əks olunub
Həmsöhbətimiz onu da bildirir ki, muzeyin xronoloji ardıcıllığa riayət edilərək elmi-tarixi əsaslar üzərində qurulmuş daimi ekspozisiyası 6 salonda yerləşdirilmişdir. I salonun ekspozisiyası qədim zamanlardan başlayaraq XIX əsrin II yarısına qədər olan dövrdə təhsilin inkişaf tarixini əks etdirən maraqlı sənəd və materiallar, Azərbaycan xalqının keçdiyi əlifba mərhələləri, II salon XIX əsrin sonu XX əsrin əvvəllərində təhsil, III salon 1918-1940-cı illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinə, V salon ümumtəhsil, texniki-peşə məktəblərinin fəaliyyətinə, 1941-1945, 1946-1980-ci illərdə uşaq evləri, internat məktəblərinin yaranması və inkişafına dair sənəd və materialları əhatə edir:
“Eksponatlar sanki danışır, Azərbaycan təhsilinin keçdiyi tarixi yolu göz önündə canlandırır”
Zülfiyyə Şiriyeva VI salonun müstəqillik illərində Azərbaycanda təhsilin inkişafına həsr olunmaqla üç bölmədən ibarət olduğunu söyləyir: “Azərbaycan dövləti və hökumətinin təhsilə göstərdiyi diqqət və qayğı VI salonun ekspozisiyasının əsas istiqamətidir. Onu da xüsusi qeyd etmək istərdim ki, salonun əsas hissəsində nümayiş etdirilən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin keyfiyyətinin yüksəldilməsi və inkişafı naminə gördüyü işləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsində genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən çoxsaylı sənəd və materiallar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır”.
Salonun ikinci bölməsində isə müstəqillik illərində, bütövlükdə Azərbaycan təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, nəşr nümunələri, yeni dərsliklər, maketlər və digər eksponatlar nümayiş etdirilir. Həmin bölmədə Elm və Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən sənəd və materiallara, hədiyyələrə xüsusi yer ayrılmışdır. Burada həmçinin pedaqoji kadrlara göstərilən qayğıya və Azərbaycan müəllimlərinin XI-XIII qurultaylarına dair materiallar da nümayiş olunur. Salonun üçüncü bölməsində nümayiş etdirilən sənəd və materiallar məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə və gənclərin mənəvi və estetik tərbiyəsinə həsr edilmişdir. Vitrinlərdə uşaq, yeniyetmə və gənclərin hazırladıqları tətbiqi sənət nümunələri, müxtəlif əl işlərinə yer verilmişdir.
Bütövlükdə muzeydə nümayiş olunan eksponatların hər biri sanki danışır, Azərbaycan təhsilinin keçdiyi tarixi yolu göz önündə canlandırır. Təbii ki, direktor bundan məmnunluq duyduğunu deyir: “Biz sevinirik ki, ziyarətçilərimizdə Azərbaycan təhsilinin həm keçmişi, dünəni, həm də bu günü haqqında ətraflı təsəvvür yarada bilirik”.

Unikal məkan dünyada tanınır
Zülfiyyə Şiriyevanın sözlərinə görə, ölkəmizdə təhsillə bağlı belə bir muzeyin fəaliyyəti, təcrübəsi beynəlxalq səviyyədə də maraqla qarşılanıb. Belə ki, muzeyin iş təcrübəsi əsasında 1986-cı ildə Bolqarıstanın Qabrovo şəhərində Milli Təhsil Muzeyi yaradılıb: “Hazırda muzeyimizdə həmçinin Ekspozisiya, Elmi-kütləvi iş, Fond və kitabxana şöbələri fəaliyyət göstərir. Muzeyin işçi heyəti adıçəkilən şöbələrin fəaliyyətini dəstəkləmək, muzey sərvətlərini qorumaq, ekskursiyaya gələnlərə keyfiyyətli xidmət təqdim etmək üçün bu sahədə bilik, təcrübə və bacarıqlarını əsirgəmirlər. Bilirsiniz, mən öz işlərini sevərək görən əməkdaşlarımızın əməyini də xüsusi qeyd etmək istərdim. Muzey sərvətlərini, xüsusilə təhsilimizin tarixini qorumaq, gələcək nəsillərə çatdırmaq böyük məsuliyyətdir, eyni zamanda şərəfli bir missiyadır. Xalq Təhsili Muzeyi zəngin mütərəqqi ənənələrə və milli-mənəvi dəyərlərə söykənərək, pedaqoji fikrin inkişaf tarixini və müasir Azərbaycan təhsilinin nailiyyətlərini əhatə edən sənəd və materialları qoruyub saxlayır və muzeyə gələnlərə layiqincə təbliğ edir”.
Direktordan onu da öyrənirik ki, muzeyin qonağı olan görkəmli elm və mədəniyyət xadimləri, ABŞ, Misir, Şimali Kipr, Küveyt, Almaniya, Hindistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Yəmən, Gürcüstan, Qazaxıstan, Belarus, Əfqanıstan və digər ölkələrin təhsil və mədəniyyət işçiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, təhsil və elm nazirləri, təhsillə bağlı qurumların rəhbərləri, xarici qonaqlar bu məkandakı ekspozisiyalarla yaxından tanış olduqdan sonra “Rəy kitabı”nda öz təəssüratlarını yazmış, təhsil tarixinin təbliğində muzeyin əhəmiyyətini xüsusi vurğulamışlar.
Muzeylər hər zaman diqqət mərkəzindədir
Həmsöhbətimiz son illərdə muzeylərə göstərilən diqqət və qayğının fəaliyyətlərini daha da gücləndirdiyini qeyd edir: “Respublikamızın muzeyləri dövlət qayğısı ilə əhatə olunmaqla yanaşı, hər zaman diqqət mərkəzindədir. Ölkə başçısı İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması” haqqında 14 iyul 2008-ci il tarixli və “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında” 22 may 2009-cu il tarixli Sərəncamlarının icrası muzeylərin fəaliyyətinin daha da təkmilləşdirilməsi, müasir standartlara müvafiq qurulmasına və tarixi, mədəni irsin, maddi-mədəniyyət nümunələrinin mühafizəsi, təbliği işinin yüksək səviyyəyə qaldırılmasına təkan vermişdir”.
Təhsilə, biliyə və müəllim əməyinə qarşı daha dərin hörmət, ehtiram...
Bəli, Xalq Təhsili Muzeyi yalnız eksponatların nümayiş olunduğu bir məkan deyil, - bu, uzunillik təhsilimizin tarixini, ənənələrini özündə yaşadan canlı bir yaddaşdır.
94 il əvvəl əsası qoyulan bu unikal muzey bu gün də eyni missiyanı daşıyır: Hər bir insanda təhsilə, biliyə və müəllim əməyinə qarşı daha dərin hörmət və ehtiram oyatmaq.



