Belçikada qatar məktəb avtobusu ilə toqquşub

26 May, 2026 - 14:19
Belçikada qatar məktəb avtobusu ilə toqquşub

Belçikanın Buqqenhout şəhərində qatarın məktəb mikroavtobusu ilə toqquşması nəticəsində 4 nəfər həyatını itirib.

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin ikisi məktəblidir. 

Hadisə yerli vaxtla səhər saat 08:00 radələrində dəmiryol keçidində baş verib. Mikroavtobusda yeddi şagird, sürücü və müşayiətçi olduğu bildirilir. Avtobus xüsusi təhsil məktəbinə gedirmiş.

Polisin açıqlamasına görə, toqquşma zamanı keçiddə təhlükəsizlik baryerləri bağlı olub. Qatarın növbəti stansiyada dayanmalı olduğu və hadisənin çox güclü zərbə ilə baş verdiyi qeyd edilir.

Qəza nəticəsində qatardakı sərnişinlər xəsarət almayıb, lakin bir nəfərin şok vəziyyətində tibbi yardım aldığı bildirilib. 

Hazırda qəzanın səbəbləri araşdırılır.