Azərbaycan universitetləri arasında ilk təşəbbüs: MDU-da “bootcamp” və Təqaüd Proqramı keçiriləcək
Mingəçevir Dövlət Universiteti (MDU) və Holberton School Azerbaijan arasında qurulan strateji tərəfdaşlıq çərçivəsində ölkədə universitetlər arasında ilk dəfə olaraq “AI-INDUSTRY Talent Development – Akademiya–Sənaye İnnovasiya Bootcamp” və Təqaüd Proqramı təşkil olunacaq.
“Azərbaycan müəllimi xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən bu mühüm təşəbbüs ali təhsil mühitində innovativ düşüncənin təşviqi, süni intellekt sahəsində insan kapitalının inkişafı və universitet–sənaye inteqrasiyasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Məlumata əsasən, “bootcamp” proqramı 7 may tarixində start götürəcək və 18 mayda yekunlaşacaq. 19 mayda isə iştirakçıların hazırladıqları layihələrin təqdim olunacağı yekun “Demo Day” keçiriləcək. Proqramın davamı olaraq seçilmiş iştirakçılar üçün 6 ay müddətini əhatə edən təqaüd proqramı da nəzərdə tutulub. Təqaüd mərhələsində iştirakçılar real sənaye yönümlü rəqəmsal layihələrin icrasında birbaşa iştirak etmək imkanı əldə edəcəklər.
Layihənin əsas yeniliyi ondan ibarətdir ki, burada ali təhsil müəssisəsində formalaşan nəzəri biliklər real sənaye çağırışları ilə birbaşa əlaqələndirilir. “AI-INDUSTRY Talent Development” proqramı akademik biliklərin praktik həllərə transformasiyasını təmin edən innovativ akademiya–sənaye platforması kimi diqqəti cəlb edir. Proqram çərçivəsində iştirakçılar süni intellekt texnologiyalarına əsaslanan multidissiplinar yanaşmalar vasitəsilə real problemlərin həllinə yönəlmiş tətbiqi layihələr hazırlayacaqlar.
“Bootcamp” müddətində iştirakçılar real sənaye ssenariləri üzərində işləyəcək, layihə əsaslı öyrənmə modelindən istifadə edəcək, süni intellekt alqoritmlərinin praktik implementasiyasını həyata keçirəcək və komanda əsaslı innovasiya mühitində fəaliyyət göstərəcəklər. Proqramda Mingəçevir Dövlət Universitetinin bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrinin iştirakı nəzərdə tutulur. Bu isə gənclərin müasir texnologiyalar üzrə praktiki hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təşəbbüsün əsas məqsədləri sırasında süni intellekt texnologiyalarının praktiki tətbiq bacarıqlarının inkişaf etdirilməsi, akademik biliklərin sənaye yönümlü innovativ həllərə çevrilməsi, multidissiplinar komandalar vasitəsilə yüksək təsir gücünə malik layihələrin formalaşdırılması və hazırlanmış həllərin real sektor üçün tətbiq potensialının artırılması xüsusi yer tutur. Bu baxımdan layihə yalnız bir təlim proqramı deyil, həm də gələcəyin texnoloji mütəxəssislərinin hazırlanmasına xidmət edən mühüm inkişaf platforması kimi qiymətləndirilir.
Mingəçevir Dövlət Universiteti üçün bu təşəbbüs həm institusional inkişaf, həm də universitetin innovasiya yönümlü fəaliyyət modelinin gücləndirilməsi baxımından əlamətdar hadisədir. Eyni zamanda proqram ali təhsil müəssisələri ilə beynəlxalq texnologiya məktəbləri arasında əməkdaşlığın genişlənməsinə, bilik və texnologiya transferinin təşviqinə, ölkədə innovasiya ekosisteminin daha da möhkəmlənməsinə xidmət edir.
Beləliklə, Mingəçevir Dövlət Universitetində keçiriləcək “AI-INDUSTRY Talent Development – Akademiya–Sənaye İnnovasiya Bootcamp” və Təqaüd Proqramı ölkədə ali təhsil sahəsində yenilikçi yanaşmanın, süni intellekt istiqamətində praktiki hazırlığın və strateji tərəfdaşlığa əsaslanan inkişaf modelinin mühüm göstəricilərindən biri kimi dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan bu təşəbbüsün həm universitet mühitində, həm də ölkənin ümumi innovasiya gündəliyində mühüm iz qoyacağı gözlənilir.



