Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirir

23 Dekabr, 2025 - 14:58
Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın dekabrın 22-də keçirilən 12-ci iclasında Azərbaycan və Türkiyənin humanitar əlaqələrə böyük əhəmiyyət verdikləri bildirilib. 

“Azərbaycan müəllimi”nin əldə etdiyi məlumata görə, iclasda qeyd olunub ki, Azərbaycan ilə Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. 

İclasda təhsil sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilib. 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan Türkiyə–Azərbaycan Universiteti (TAU) təhsil sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsi kimi səciyyələndirilib.

Bundan əlavə, bu ilin sentyabrında Bakıda Türk Anadolu Liseyinin yeni filialının açılmasından məmnunluq ifadə olunub, növbəti tədris ilindən İstanbulda da Azərbaycan məktəbinin yaradılacağı diqqətə çatdırılıb.

İclasda peşə təhsili sahəsində əməkdaşlığın nəticələri təqdir edilib, bu sahədə Türkiyənin təcrübəsinin ölkəmiz üçün faydalı olacağına ümidvarlıq ifadə olunub.