Azərbaycanda oxuyan xarici tələbələrin sayı 10 faiz artıb
Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.
Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən tədris ili ilə müqayisədə bu il ölkədə təhsil alan xarici tələbələrin sayında 10 faiz artım olub.
Tələbələr, əsasən, Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Suriya, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələri təmsil edirlər.
2024-2025-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 5 ölkədən 109 xarici tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Ötən ilə nisbətdə bu il HTP çərçivəsində təhsil almaq hüququ qazananların sayı 62% artıb. Bu il 2 yeni ölkə - Serbiya və Rumıniyadan tələbə qəbulu aparılıb.
HTP çərçivəsində Rumıniya, Çin, Qazaxıstan, Tacikistan və Serbiyadan olan 109 tələbə hazırda Azərbaycanın ali təhsil müəssisələrində oxuyur.



