“Azərbaycanı çox sevirəm” – Bakı məktəbinin koreyalı məzunu

13 İyun, 2026 - 11:08
“Azərbaycanı çox sevirəm”

Məhəmməd Şəhriyar adına 193 nömrəli tam orta məktəbi bitirən 120 nəfərdən biri koreyalıdır. Tədrisi rus dilində aparılan bölmənin şagirdi Banseok Eun-jun Hvang II sinifdən bu məktəbə gəlib. Ona görə də özünü Bakıda yad hiss etməyib. Azərbaycan dilində başa düşür, rus dilində danışır. Azərbaycanlılarla istənilən halda danışmağa dil tapır. 

Bu gün məzun olduğu üçün çox sevinclidir. Tam orta təhsilini tamamlayıb o da qardaşı kimi Cənubi Koreyaya üz tutacaq: “Məndən əvvəl qardaşım bu məktəbi bitirdi. Biz bu məktəbə gələndə mən II, qardaşım III sinifdə oxuyurdu. O təhsilini uğurla tamamlayıb və hazırda radiologiya üzrə təhsil alır. Mən də təhsilimi Cənubi Koreyada davam etdirəcəyəm”.

Banseok deyir ki, onun vətənində tam orta təhsil 12 illikdir: “Mən XI sinfi bitirib Koreyaya gedəcəyəm. Dizayner olmaq istəyirəm. 11 illik təhsil almağım Koreya universitetlərinə qəbul olunmağıma mane olmur. Orada icazə verirlər”.

Bonseok Azərbaycanı sevir. Burada çoxlu dostları var, onlarla çox əylənir.

Banseokun anası Juidyek evdar qadın, atası Eun-jun Hvang isə turizm şirkətində direktor müavinidir. Eun-junun dediyinə görə, artıq 10 ilə yaxındır ki, Azərbaycandadır və ölkəsinə qayıtmaq niyyəti yoxdur: “Sağlamlığım imkan verənə qədər Bakıdayam. Azərbaycan çox gözəl, sakit ölkədir, insanları mehribandır. Burada yaşamağı çox sevirəm. Ayın 22-də Koreyaya gedəcəyik, amma sonra yenidən qayıdacağıq. Koreya üçün darıxmıram, çünki ata-anam rəhmətə gedib, indi məni ora bağlayan heç nə yoxdur. Biz burda qalıb Azərbaycanın inkişafına töhfə vermək istəyirik. Azərbaycan indi inkişaf edir, tezliklə Koreya kimi güclü ölkəyə çevriləcək”.