Azərbaycanlı alim: Ölkələrin gələcəyini müəyyənləşdirən sahə mühəndislikdir

22 Yanvar, 2025 - 17:49
Azərbaycanlı alim: Ölkələrin gələcəyini müəyyənləşdirən sahə mühəndislikdir
Azərbaycanlı alim: Ölkələrin gələcəyini müəyyənləşdirən sahə mühəndislikdir

"Əgər elmi araşdırmalar texnoloji inkişafın beynidirsə, onu ayaqda saxlayan ən mühüm dayaqlardan biri də mühəndislikdir. Mühəndislik sadəcə bizim ölkə üçün deyil, bütün ölkələr üçün əvəzedilməz bir sahədir".

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Türkiyədə çalışan azərbaycanı alim Abdulla Sofiyev deyib.

O bildirib ki, bu sahədəki inkişaf və nailiyyətlər bütün ölkələrin gələcəyini müəyyənləşdirir.

"Müasir mühəndisliyin ehtiyaclarını düzgün dərk edə bilməyən və bu yöndə səy göstərməyən ölkələr başqa ölkələrdən asılı qalacaq və nəticədə bu asılılıq sayəsində öz müstəqilliklərini də itirə bilərlər. Mühəndisliyin ölkəmiz üçün nə qədər önəmli olduğu sualının qısa cavabı budur.

Bir az təfərrüata varsaq, 1-ci sənaye inqilabında mühəndislik bir ailənin dədə-babasının, atasının, nəvəsinin və sairinin 150 ildən çox tanıdığı və ailə büdcəsinə yaxşı gəlir gətirdiyi cəlbedici bir peşə idi. Ona görə də baba nəvəsinin övladı kimi mühəndis olması istəyində haqlı idi. 2-ci sənaye inqilabında bu dövr təxminən 100 ilə qədər azalmış, 3-cü sənaye inqilabında 50 ilə yaxın cəlbedici bir peşəyə çevrilmiş, 4-cü sənaye inqilabı dövründə isə mühəndisliyin bütün sahələri daha qısa müddətdə öz təsirini itirməyə başlamışdır. İndi isə özünü yaxşı inkişaf etdirə bilməyən mühəndis təqaüdə çıxana qədər işini itirə də bilər. Bu da onu göstərir ki, mühəndislər özlərini öz sahələrində davamlı olaraq təkmilləşdirməlidirlər".