AzMİU alimlərinin “Çoxqatlı kərpic divar” ixtirasına patent verildi

17 İyun, 2026 - 17:32
AzMİU alimlərinin “Çoxqatlı kərpic divar” ixtirasına patent verildi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) alimləri tərəfindən hazırlanmış “Çoxqatlı kərpic divar” adlı ixtira ilə bağlı mühüm elmi nailiyyət əldə olunub. Belə ki, universitetin “Çoxqatlı kərpic divar” ixtirasına patent verilməsi barədə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən müsbət qərar qəbul edilib.

Universitetdən ‘‘Azərbaycan müəllimi’’nə bildirilib ki, ixtiranın müəllifləri AzMİU Materialşünaslıq kafedrasının professoru Abbas Quvalov, kafedranın dosenti Səidə Abbasova, İnşaat konstruksiyaları kafedrasının baş müəllimi Nazim Poluxov, “HOLCIM Azərbaycan” şirkətinin texniki direktoru Əli Hüseynovdur.

Texniki yeniliyin əsas mahiyyəti divarın xarici və daxili qatlarının leqo kərpiclə hörülməsindən, istilik-izolyasiya qatı kimi isə B3,5 (M50) sinifli polistirolbetonun tətbiqindən ibarətdir. Layihədə divar qatları metal elementlərdən ibarət sərt rabitələr vasitəsilə birləşdirilir. Bu da divarın en kəsiyinin əsas yükdaşıyan qata çevrilməsini və bütün qatların birgə fəaliyyətini təmin edir.

Yeni konstruktiv həll bir sıra mühüm üstünlükləri ilə fərqlənir. Belə ki, kərpic hörgüsünün yükgötürmə qabiliyyəti ilə yanaşı, ümumi konstruksiyanın möhkəmliyi artır, istilikkeçirməyə müqavimət əhəmiyyətli dərəcədə yüksəlir. Eyni zamanda, polistirolbeton həm istilik-izolyasiya, həm də yükdaşıyıcı funksiyanı yerinə yetirərək tikinti konstruksiyasının səmərəliliyini artırır. Bu texnologiya iki və üçmərtəbəli binaların daha etibarlı, qənaətcil və uzunömürlü şəkildə inşasına imkan yaradır.

Professor Abbas Quvalovun elmi rəhbərliyi ilə hazırlanmış bu konstruktiv həllər şaquli və üfüqi armatur millərini, U-şəkilli ankerləri və xüsusi beton tərkiblərini özündə birləşdirir. 

Qeyd edək ki, bu ixtira AzMİU-da aparılan elmi-tədqiqat işlərinin nəticəsi olmaqla yanaşı, ali məktəbin tikinti və materialşünaslıq sahələrində malik olduğu yüksək elmi potensialı, innovativ yanaşmaları bir daha nümayiş etdirir.

AzMİU alimlərinin “Çoxqatlı kərpic divar” ixtirasına patent verildi