AzMİU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirən universitetlərarası intellektual yarış keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, yarışda ölkənin bir sıra aparıcı ali təhsil ocaqlarını təmsil edən komandalar iştirak ediblər.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası və digər universitetlərin tələbələri biliklərini sınayıblar.
Yarışın keçirilməsində əsas məqsəd tələbələrin hüquq sahəsinə olan marağının artırılması, konstitusiya dəyərlərinin gənclər arasında təbliği, həmçinin analitik düşüncə, məntiq və sürətli qərarvermə bacarıqlarının inkişaf etdirilməsi olub. Yarışda iştirakçılar konstitusiya, dövlət quruculuğu, suverenlik, ümumi hüquqi biliklər və məntiqə əsaslanan suallar üzrə biliklərini sınayıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda komandalar müxtəlif raundlarda topladıqları xallar əsasında qiymətləndirilib.
Yarışın yekun nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 3 komanda qalib elan olunaraq mükafatlandırılıb.



