AzMİU-da tanınmış memar ilə “Əsrə bərabər 50 il” adlı görüş baş tutub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin SABAH qruplarının təşkilatçılığı ilə “Məzunlarımızı tanıyaq” layihəsi çərçivəsində tanınmış memar, universitetin məzunu Rəna Novruzlu ilə “Əsrə bərabər 50 il” adlı görüş keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirdə çıxış edənlər layihənin məqsədinin tələbələrlə universitetin müxtəlif illərdə məzun olmuş nümunəvi mütəxəssislərini bir araya gətirmək, onların təcrübəsini, peşəkar inkişaf yolunu və real layihələrdə əldə etdiyi nəticələri gənc nəslə çatdırmaq olduğunu vurğulayıblar.
Görüş zamanı Rəna Novruzlu öz yaradıcılıq yolu, həyata keçirdiyi layihələr, müasir memarlıq tendensiyaları və inşaat sahəsində qarşılaşdığı çətinliklər barədə geniş məlumat verib, tələbələrə peşəyə sevgi, daimi özünüinkişaf, məsuliyyətli yanaşma, eləcə də yaradıcı düşüncənin vacibliyindən danışıb.
Tələbələr qonağa suallar ünvanlayıb, karyera planlaşdırılması, memarlıqda innovativ yanaşmalar və praktik bacarıqların inkişafı mövzularında faydalı məsləhətlər alıblar.
Sonda tədbir iştirakçıları belə görüşlərin tələbələrin motivasiyasına, peşəkar dünyagörüşünün formalaşmasına və universitet–məzun əlaqələrinin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Qeyd edək ki, görüş AzMİU-nun 50 illiyi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.



