AzMİU “UI GreenMetric 2025” reytinqində irəliləyib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti dəfə əhəmiyyətli uğura imza atıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, universitet “UI GreenMetric” beynəlxalq reytinq sistemindəki 105 ölkədən 1745 ali təhsil müəssisəsinin daxil olduğu qlobal qiymətləndirmədə dünya üzrə 606-cı pillədə, Azərbaycan üzrə isə ilk dördlükdə yer alıb. Bu göstərici universitetin ekoloji məsuliyyət, yaşıl kampus idarəçiliyi və davamlı inkişaf sahələrində həyata keçirdiyi ardıcıl tədbirlərin nəticəsi kimi dəyərləndirilməlidir.
AzMİU son illərdə ekoloji dayanıqlılıq sahəsində sistemli inkişaf strategiyası yürüdür və bunun nəticəsi olaraq illik reytinqdə mövqeyini sabit şəkildə yaxşılaşdırır, hər il daha yüksək nəticələr əldə etməklə ekoloji davamlılıq istiqamətində gördüyü işlərin real təsir gücünü təsdiqləyir.
Bu il AzMİU-nun ən güclü göstəriciləri “Education” (Təhsil) və “Transportation” (Nəqliyyat) kateqoriyalarında qeydə alınıb. Bu sahələrdə əldə olunan yüksək nəticələr universitetdə ekoloji təhsil mühitinin genişləndirilməsi, tələbələrin dayanıqlılıq mövzularına yönəldilməsi, həmçinin kampusdaxili nəqliyyatın daha ekoloji modellərlə təşkil olunması istiqamətində görülən işlərin effektivliyini nümayiş etdirir.
Qarşıdakı illərdə də ekoloji məsuliyyətin gücləndirilməsi, yaşıl texnologiyaların tətbiqi və davamlı inkişaf üzrə yeni layihələrin icrası əsas prioritet olaraq qalacaq.
Qeyd edək ki, “UI GreenMetric” reytinq sistemi dünyanın ən nüfuzlu ekoloji qiymətləndirmə platformalarından hesab olunur və ali məktəblərin iqlim dəyişikliyi ilə mübarizə, təmiz enerji təşəbbüsləri, nəqliyyatın optimallaşdırılması, tullantıların idarə olunması və digər davamlılıq meyarları üzrə fəaliyyətini ölçür.


