AzMİU WUF13 çərçivəsində Azərbaycanın memarlıq təhsilini təmsil edir

19 May, 2026 - 14:45
AzMİU WUF13 çərçivəsində Azərbaycanın memarlıq təhsilini təmsil edir

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən və dünyanın ən böyük şəhərsalma sərgilərindən biri hesab olunan “Urban Expo”da Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) öz xüsusi pavilyonu ilə uğurla təmsil olunur.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 çərçivəsində təşkil edilən sərgi qlobal şəhərsalma gündəliyinin əsas platformalarından biri kimi hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, akademik dairələri, özəl sektoru və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirir.

3,5 hektarlıq ərazini əhatə edən və 66 ölkədən 217-dən çox təşkilatın iştirak etdiyi “Urban Expo” sərgisində AzMİU-nun pavilyonu yerli və xarici qonaqların xüsusi marağına səbəb olur. Universitetin stendində AzMİU-da memarlıq, şəhərsalma, dizayn, inşaat mühəndisliyi, dayanıqlı inkişaf və innovativ texnologiyalar istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri, beynəlxalq əməkdaşlıq layihələri, tələbə təşəbbüsləri və təhsil imkanları təqdim edilir.

AzMİU-nun ekspozisiyasında xüsusilə dayanıqlı şəhər inkişafı, yaşıl memarlıq, ağıllı şəhər həlləri, inklüziv urban mühit, şəhər mobilliyi və gələcəyin şəhərləri ilə bağlı akademik yanaşmalar ön plana çıxarılır. Pavilyon universitetin yalnız milli səviyyədə deyil, beynəlxalq akademik müstəvidə də şəhərsalma və memarlıq gündəliyinə fəal töhfə verdiyini nümayiş etdirir.

Qeyd olunmalıdır ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkədə memarlıq və şəhərsalma üzrə ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi kimi WUF13 çərçivəsində yalnız sərgi formatında deyil, həm də müxtəlif akademik, elmi və ictimai təşəbbüslərlə fəal iştirak edir. Bu iştirak Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Memarlıq və Şəhərsalma İli”nin prioritetləri ilə də tam səsləşir.

AzMİU-nun WUF13-də iştirakı universitetin beynəlxalq əlaqələrinin artırılması, yeni akademik tərəfdaşlıqların qurulması, tələbə və müəllimlər üçün qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də Azərbaycanın şəhərsalma və memarlıq potensialının dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

WUF13 çərçivəsində AzMİU-nun pavilyonu forum iştirakçıları üçün universitetin elmi-intellektual potensialını, innovativ yanaşmalarını və dayanıqlı şəhər gələcəyinə baxışını nümayiş etdirən mühüm platforma rolunu oynayır.