AzTU-da Səməd Vurğunun yubileyinə həsr olunan tədbir keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan musiqili-bədii tədbir keçirilib.
AzTU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Aytən Qurbanova Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2026-cü il 23 fevral tarixli Sərəncamının əhəmiyyətini qeyd edib.
AzTU-nun prorektoru Fariz Məmmədov tədbir iştirakçılarını salamlayaraq, poeziyamızın görkəmli nümayəndəsi kimi Səməd Vurğun irsinin Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli və AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev çıxış edərək, yüksək vətənpərvərlik duyğuları ilə zəngin Səməd Vurğun irsinin Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini bildiriblər. Şairin müəllifi olduğu şeirlərdə Vətənə, millətə, doğma ana dilinə sonsuz məhəbbətinin ifadə edildiyi, milli ideallara, azərbyacançılıq məfkurəsinə yüksək mənada bağlı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin bədii hissəsində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri – Aşıq Avdı Musayev, beynəlxalq müsabiqələr qalibi, Xəzər Universitetinin müəllimi Aşıq Ramin Qarayev, Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına xorun solisti Mədinə Səlimova, Azərbaycan Mədəniyyəti Sosial Şəbəkə Platformasının icraçı direktoru Fərid Əzizli, ADMİU-nun tələbəsi Ceyran Abbaslı Səməd Vurğunun şeirlərinə bəstələnmiş musiqi nömrələri ilə çıxış ediblər.
Daha sonra Səməd Vurğunun poeziya nümunələri Aytən Qurbanova, Həbib Mirzəyev, Canpolad Quliyev tərəfindən səsləndirilib.
Tədbirin sonunda gənc ifaçılara təşəkkürnamə təqdim edilib.



