AzTU-da “Startap günləri” yekunlaşıb
Mayın 16-da Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində təşkil olunan “Startap günləri” tədbiri uğurla yekunlaşıb.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirdə AzTU ilə yanaşı, Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrindən ibarət komandalar da iştirak edib.
AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək layihənin məqsədi, iştirakçılar üçün yaradılan imkanlardan danışıb.
“Startap Azərbaycan” platformasının rəhbəri Osman Gündüz ölkədə startap ekosisteminin inkişafı, innovativ təşəbbüslərin dəstəklənməsi və gənclərin bu istiqamətdə fəal iştirakının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
İki gün davam edən tədbirdə 28 innovativ ideyadan qiymətləndirmə və səsvermə nəticəsində 7 ən perspektivli ideya seçilib.
Daha sonra komandalar mentor və ekspertlərin dəstəyi ilə layihələrinin inkişaf etdirilməsi, prototiplərin hazırlanması və yekun təqdimata hazırlıq istiqamətində fəaliyyət göstəriblər.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, BDU-nun “Quadra” komandası 1-ci yerə layiq görülüb. AzTU-nun “MentorMind” komandası 2-ci, “Revu” komandası isə 3-cü yeri tutub.
Bununla yanaşı, layihəsini ən fəal və inamlı şəkildə müdafiə edən iştirakçı kimi AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbəsi, “SpotOn” komandasının üzvü Səkinə Bədirova xüsusi mükafata layiq görülüb.
Tədbirin sonunda qalib komandalara müxtəlif hədiyyələr, diplom və sertifikatlar təqdim olunub.



