AzTU-da yaradılan beynəlxalq mühəndislik proqramından kimlər yararlana bilərlər?

15 May, 2026 - 17:02
AzTU-da yaradılan beynəlxalq mühəndislik proqramından kimlər yararlana bilərlər?

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində yaradılmış AZCON Mühəndislik və Texnologiya Məktəbi fəaliyyətini Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan “TUMint” təşkilatının dəstəyi ilə həyata keçirəcək. Bu əməkdaşlıq çərçivəsində dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq.

AzTU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, proqram çərçivəsində “TUM” mütəxəssisləri həm Bakıda əyani şəkildə, həm də onlayn formatda tədris prosesində iştirak edəcəklər. Tədris “TUMint”in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq keçmiş müəllimlər tərəfindən aparılacaq.

Beynəlxalq səviyyəli mühəndis və texnologiya mütəxəssislərinin hazırlanmasını hədəfləyən məktəbdə tədris tamamilə ingilis dilində təşkil olunacaq. AZSET proqramı Azərbaycanın ali təhsil müəssisələrinin təhsil, təbiət, texniki və texnoloji ixtisasları üzrə birinci kursunu başa vurmuş tələbələr üçün nəzərdə tutulub.

Proqrama müraciət etmək istəyən namizədlərin birinci kursun hər iki semestri üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) minimum 81 bal, eyni zamanda ingilis dili üzrə ən azı B2 səviyyəsinə malik olması tələb edilir.

Qəbul üçün daxili imtahana qeydiyyat cari ilin 15 iyun – 15 iyul tarixlərində aparılacaq. Seçimdən uğurla keçən tələbələr təhsillərini ikinci kursdan etibarən proqram çərçivəsində davam etdirə biləcəklər.

Proqram çərçivəsində yüksək nəticə göstərən tələbələrin “TUM”un Münhen kampusuna tədris səfərləri də nəzərdə tutulur. Təhsili uğurla başa vuran məzunlar AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, “TUM International GmbH” sertifikatı da əldə edəcəklər.

Bununla yanaşı, yüksək akademik nəticələri ilə seçilən məzunlar üçün AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdə karyera imkanları yaradılacaq.