AzTU ingilis dilinin tədrisində ODTU-nun təcrübəsindən yararlanacaq
Azərbaycan Texniki Universiteti (AzTU) ingilis dilinin tədrisinin müasir standartlar səviyyəsində qurulması üçün Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) təcrübəsindən yararlanacaq.
AzTU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Türkiyə-Azərbaycan Universitetində (TAU) bununla bağlı keçirilən görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova, ODTU-nun Xarici Dillər Məktəbinin müdiri professor Çiğdem Sağın Şimşek və müdir müavini Gamze Demiral iştirak ediblər.
Bildirilib ki, AzTU-da ingilis dili tədrisinin müasir standartlar səviyyəsində təşkili və ingilis dili müəllimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ODTU-nun müəllimləri mütəmadi olaraq təlimlər keçirəcəklər.
Bundan başqa, AzTU və ODTU ingilis dilini öyrənmək, eləcə də ingilis dili biliklərini təkmilləşdirmək istəyən şəxslər üçün birgə kurslar təşkil etməyi də planlaşdırır.
Qeyd edək ki, ODTU-da ingilis dili tədrisi Türkiyənin ən güclü proqramlarından biri hesab olunur. Bu təcrübənin öyrənilməsi və tətbiqi ali təhsildə xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.




