AzTU müəllimi Macarıstan universitetində tələbələrə mühazirə deyib
Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye iqtisadiyyatı və menecment fakültəsinin beynəlxalq əlaqələr və tədqiqatlar üzrə dekan müavini, baş müəllim Mürşüd Mehdiyev Orhun Mübadilə Proqramı çərçivəsində Macarıstanın Győr şəhərində yerləşən Széchenyi İstvan Universitetində akademik mobillikdə iştirak edib.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
O, səfər çərçivəsində universitetin Biznes və iqtisadiyyat fakültəsində, eləcə də Beynəlxalq əməkdaşlıq şöbəsində görüşlər keçirib.
Görüşlər zamanı AzTU-nun beynəlxalq əlaqələri, Sənaye iqtisadiyyatı və menecment fakültəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib, universitetlər arasında müvafiq istiqamətdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bir həftə davam edən akademik mobillik proqramı çərçivəsində Mürşüd Mehdiyev Széchenyi İstvan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün davamlı təchizat zəncirinin idarə edilməsi, iqtisadiyyatın əsasları və logistika mövzularında mühazirələr oxuyub.




