AzTU rektoru “ADEX 2026”nın iştirakçıları ilə görüşüb

6 Oktyabr, 2026 - 09:56
AzTU rektoru “ADEX 2026”nın iştirakçıları ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən müəllim və tələbələrlə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, rektor müəllim və tələbələrin sərgi çərçivəsində gördükləri işlər, tanış olduqları yeni texnologiyalar və keçirdikləri görüşlərlə maraqlanıb, onların təəssüratlarını dinləyib.

Vilayət Vəliyev “ADEX 2026” sərgisinin müdafiə sənayesi, innovativ texnologiyalar və müasir mühəndislik həlləri ilə tanışlıq baxımından mühüm platforma olduğunu bildirib.

Rektor AzTU-nun müəllim və tələbələrinin “ADEX 2026” sərgisində fəal iştirakını yüksək qiymətləndirib. Bildirib ki, universitetdə müdafiə sənayesi, yüksək texnologiyalar və innovativ mühəndislik istiqamətlərində həyata keçirilən işlərin genişləndirilməsi, eləcə də tələbələrin bu sahələrə marağının artırılması qarşıda duran əsas hədəflərdəndir.

Görüş zamanı “ADEX” sərgisində əldə olunan təcrübənin gələcəkdə tədris və elmi fəaliyyətə inteqrasiyasının, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsinin və sənaye müəssisələri ilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra çıxış edən Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Yadullah Babayev səmimi görüş üçün rektora təşəkkür edib. O, fakültənin “ADEX 2026” sərgisində iştirakının tələbə və müəllimlər üçün əhəmiyyətindən danışıb. Dekan bildirib ki, fakültədə artıq “ADEX 2028” sərgisinə hazırlıqlara başlanılıb və növbəti sərgidə daha geniş heyətlə, yeni layihə və innovativ həllərlə təmsil olunmaq nəzərdə tutulur.

Sonda “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində fəal iştirakları ilə seçilən müəllim və tələbələrə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

AzTU rektoru “ADEX 2026”nın iştirakçıları ilə görüşüb
AzTU rektoru “ADEX 2026”nın iştirakçıları ilə görüşüb
AzTU rektoru “ADEX 2026”nın iştirakçıları ilə görüşüb
AzTU rektoru “ADEX 2026”nın iştirakçıları ilə görüşüb