AzTU tələbələri “Az-Granata” MMC-yə ekskursiya ediblər
Azərbaycan Texniki Universitetinin (AzTU) qida mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Ağsu rayonunda yerləşən “Az-Granata” MMC-yə ekskursiya ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, ekskursiya AzTU-nun Mexanika və maşın dizaynı kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Ekskursiyanın məqsədi tələbələrin nəzəri biliklərini real istehsalat mühiti ilə əlaqələndirmək, onların praktiki bacarıqlarını artırmaq və gələcək peşə fəaliyyətləri barədə təsəvvürlərini genişləndirmək olub.
Səfər zamanı tələbələr müəssisənin istehsal sahələri ilə tanış olub, xammalın qəbulundan hazır məhsulun qablaşdırılmasına qədər olan texnoloji proseslər barədə məlumat əldə ediblər. Həmçinin tələbələrə müasir istehsal avadanlıqlarının iş prinsipi, məhsulun keyfiyyətinə nəzarət və qida təhlükəsizliyi tələblərinin təmin edilməsi haqqında ətraflı məlumat verilib.
Müəssisənin mütəxəssisləri tələbələrin suallarını cavablandırıb, istehsalat sahəsində mühəndis kadrlara olan tələbat və gənc mütəxəssislər üçün yaradılan imkanlar barədə danışıblar.
Ekskursiya universitet-sənaye əməkdaşlığının inkişafı, ali təhsildə nəzəri biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.
Qeyd edilib ki, tələbələrin peşə hazırlığının və praktiki biliklərinin artırılması məqsədilə bu cür ekskursiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.




