AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən “XII Beynəlxalq İxtiralar Sərgisi – The 12th International Exhibition of Inventions (IEI 2026)”də Azərbaycanı uğurla təmsil ediblər.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, 21–23 avqust 2026-cı il tarixlərində keçirilən beynəlxalq sərgidə AzTU-nu magistratura səviyyəsində təhsil alan tələbələr Səfərəli Səfərli, Telman Məmmədov, Zaman Səfərov, həmçinin bakalavriat səviyyəsində kompüter mühəndisliyi ixtisasında təhsil alan Mirvaqif İbrahimzadə təmsil ediblər.
AzTU nümayəndə heyətinin layihə rəhbəri Səfərəli Səfərli olub. O, eyni zamanda sərginin açılış mərasimində Azərbaycan nümayəndə heyəti adından çıxış edərək ölkəmizi təmsil edib.
Sərgidə 29 ölkədən, 50-dən çox nümayəndə heyətinin tərkibində 600-dən artıq beynəlxalq elm, texnologiya və innovasiya nümayəndəsi iştirak edib. Sərgi çərçivəsində 3700-dən çox yerli və beynəlxalq ixtira və innovasiya layihəsi nümayiş etdirilib. Layihələrin qiymətləndirilməsi elektronika və cihazqayırma, tibb və səhiyyə də daxil olmaqla, ümumilikdə 7 kateqoriya üzrə həyata keçirilib.
Beynəlxalq sərgidə AzTU tələbələrinin təqdim etdiyi üç innovativ layihənin hər biri beynəlxalq münsiflər heyəti tərəfindən medala layiq görülüb.
Smart Bed System — qızıl medal. Kosmik missiyalar və mikroqravitasiya şəraiti üçün nəzərdə tutulmuş, astronavtların sağlamlıq göstəricilərinin monitorinqi və yuxu şəraitinin optimallaşdırılmasına yönəlmiş ağıllı həyat təminatı və istirahət sistemi;
A.I.N.O.S — qızıl medal. Astronomiya, mexatronika və robototexnika istiqamətlərini birləşdirən, 360 dərəcə robotik izləmə platforması və onun rəqəmsal əkizi üzərində qurulmuş innovativ təhsil sistemi;
M.R.S. (Mercy Rescue Snake) — gümüş medal. Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları üçün hazırlanmış, çətin və insan üçün əlçatmaz sahələrdə zərərçəkənlərin aşkarlanması və onlara ilkin dəstəyin göstərilməsi məqsədi daşıyan robotik sistem.
Beləliklə, AzTU tələbələrinin layihələri “IEI 2026” sərgisində 2 qızıl və 1 gümüş olmaqla, ümumilikdə 3 medala layiq görülüb.
AzTU tələbələrinin sərgidə qazandığı 2 qızıl və 1 gümüş medal universitetin tələbə innovasiyalarının beynəlxalq səviyyədə təqdimatı və Azərbaycan gənclərinin elmi-texnoloji potensialının nümayiş etdirilməsi baxımından mühüm nəticə olub.




