Bağça uşaqlığın ilk məktəbi və gələcəyin təməlidir – Müəllimin pedaqoji gündəliyindən
“Qarşınızda bir uşaq təsəvvür edin: İlk dəfə bağçaya gələndə gözlərində qorxu, təşviş... Anasından ayrılmaq çətindir. Hər şey ona yad görünür. Amma zaman gəlir hər şey dəyişir: artıq gülümsəyir, dostlar qazanır, qaydalara uyğunlaşır və hərgün yeni birşey öyrənməyə çalışır.”
“Bəs bu dəyişimin arxasında nə dayanır? Uşağın bu inkişaf yolunda bağçanın rolu nədir?”
Bağça sadəcə uşaqların vaxt keçirdiyi məkan deyil, uşağın gələcəyinin təməlinin qoyulduğu yerdir.
Bağça dövrü uşağın həyatında ilk və ən önəmli inkişaf dövrüdür. Burada uşaq təkcə vaxt keçirmir, o öyrənir, kəşf edir, öz şəxsiyyətini formalaşdırır və gələcək bacarıqlarını inkişaf etdirir. Məhz bu vaxt onların zehni inkişaf etməyə başlayır, psixoloji cəhətdən möhkəmlənirlər, düzgün davranış və əmək vərdişləri formalaşır, ətraf mühiti tanıyıb sağlamlıqlarını qorumağı öyrənirlər. Hər bir fəaliyyət uşağın fiziki, idraki, estetik və sosial-emosianal inkişafına xidmət edir.
Bu dövrdə uşaqlarda milli-mənəvi dəyərlər, dövlətçilik düşüncəsi aşılanır, onların düzgün istiqamətləndirilməsi təmin olunur və gələcək inkişafları üçün möhkəm təməl yaradılır.
Uşaq hər addımı ilə öyrənir, oyunlarda yeni bacarıqlar kəşf edir. Hər bir fəaliyyət uşağın dünyagörüşünü və həyati bacarıqlarını formalaşdırır. Valideyndən kənarda qalan uşaq cəmiyyətə, sosial mühitə adaptasiya olmağı, məsuliyyətli və müstəqil fərd kimi yetişir.
Məhşur Amerika uşaq şousunun yaradıcısı və aparıcısı Fred Rocers (Mister Rocers) deyirdi ki, uşaqlar üçün oyun sadəcə əyləncə deyil, o, ciddi bir işdir. Oyun uşaqlığın ən böyük öyrənmə alətidir.
Oyun və məşğələ - uşaqların öyrənmə alətləri, bağçada keçirilən məşğələlər uşaqların nitqini, motor bacarıqlarını, əməkdaşlıq və ünsiyyət qabiliyyətlərini inkişaf etdirir. Hər bir fəaliyyət öyrənmə məqsədilə planlanır, amma uşaqlar bunu əyləncə, kəşf hissi ilə yaşayırlar.
Hər əşya öyrənmə vasitəsidir!
Rəsm və əl işləri vasitəsilə uşaqlar rəngləri, formaları və kompozisiyanı qarşılıqlı şəkildə öyrənirlər. Hər fırça, hər rəng, hər kağız parçası onların öyrənmə vasitəsidir. Onlar burada motor hərəkətlərini inkişaf etdirir, yaradıcı təxəyyül zövqlərini formalaşdırırlar.
Musiqi və hərəkət: hər alət və hərəkət uşağın sensor, motor və emosional bacarıqlarını gücləndirir. Ritm, ahəng və hərəkət uşağa qavrama, koordinasiya və emosional ifadə imkanı verir.
Rollar və dram oyunları: kuklalar, oyuncaq və dekorasiyalar uşağın öyrənmə vasitələrinə çevrilir, empati qurmaq və problem həll etmək qabiliyyətini inkişaf etdirir. Bu oyunlar uşağa həyat situasiyalarını öyrənmə və başqaları ilə ünsiyyət bacarığını inkişaf etdirməyə imkan verir.
Sosial oyunlar: masalar, toplar, bloklar və gündəlik əşyalar uşaqlar üçün təcrübə vasitəsinə çevrilir, öyrənməni real və mənalı edir. Bu oyunlar uşaqlara paylaşmağı, qaydalara əməl etməyi, növbə gözləməyi və komanda ruhunda işləməyi öyrədir.
Müəllimin rolu – yol göstərən və ilham verən
Müəllim sadəcə nəzarətçi deyil, bələdçi, müşahidəçi və ilhamvericidir.
- Hər məşğələ məqsədli şəkildə planlanır, uşağın fərdi inkişaf və yaş səviyyəsinə uyğunlaşdırılır.
- Uşaqların fərdi inkişafı diqqətlə izlənir.
- Müəllim onları doğru istiqamətə yönləndirir, təşviq edir və hər addımı qeyd edir.
Pedaqoji gündəlik müəllim üçün yalnız qeydlər toplusu deyil, bu onun reflektiv düşüncə aləti və təcrübə kitabçasıdır. Hər bir qeyd gələcək məşğələlərin daha səmərəli və məqsədli olmasını təmin edir.
Bağça dövründə hər toxunuş, hər oyun və hər baxış onun gələcəyinə işıq tutur. Məqsəd sadədir: uşaqları gücləndirmək, onları gələcəkdə uğurlu və özünəinamlı fərdlər kimi yetişdirməkdir!
Mənim sevimli fidanlarım, hər biriniz parlaq ulduz kimi böyüyün, hər addımınızda öyrənin, paylaşın və həyatı sevgi ilə qucaqlayın!
Sizlər bizim gələcəyə səpdiyimiz toxumlarsınız, hərbirinizin boyüyüb cəmiyyətə faydalı fərd olacağına inanır və bu toxumların çiçəklənəcəyinə ümid edirik.
Türkan Qasımova
Biləsuvar rayon Səmədabad kənd uşaq bağçasının tərbiyəçi-müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.



