Bakıda düşərgə qurulacaq – Həyəcan dolu layihə başlayır
Azərbaycanda Bakı, Mərkəzi Aran, Qarabağ regionlarının hər birindən 2 məktəb, hər məktəbdən 20 şagird və 4 müəllim olmaqla, ümumilikdə 6 məktəb, 120 şagird və 24 müəllimin iştirakı ilə yeni bir layihəyə start verilib. Pilot layihənin əsas iştirakçıları müəllimlər və V-VII sinif şagirdləridir.
İnteraktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmaq niyyətindədirlər
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” adlanan həmin layihənin məqsədi təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirməklə milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək, bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmaqdır.
Layihə Elm və Təhsil Nazirliyinin elan etdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılır. Bu layihədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Rəssamlıq Akademiyası, YARAT Müasir İncəsənət Məkanı əsas tərəfdaşlardır.
Bakıda düşərgə, regionlarda təlimlər…
Layihə çərçivəsində Bakıda düşərgə qurulacaq. Düşərgə proqramı “Milli irsin təbliği”, “Etiket qaydaları”, “Milli geyim və moda mədəniyyəti”, “Yaradıcı məktəbdənkənar fəaliyyətlərin təşkili” kimi istiqamətləri əhatə edəcək. Həmin istiqamətlər üzrə əvvəlcə müəllimlər təlimləndiriləcək. Belə ki, düşərgədə “Təlimçilər üçün Təlim” (ToT) proqramı təşkil olunacaq. Növbəti mərhələdə təlim keçmiş müəllimlər tərəfindən ümumtəhsil müəssisələrində şagirdlər üçün milli-mədəni dəyərlərə həsr olunmuş maarifləndirici təlimlər, tematik müsabiqələr - esse və rəsm müsabiqəsi keçiriləcək.
Layihədə müəllim-şagird-valideyn üçbucağı
Maraqlıdır ki, təşkilatçılar təhsildə vacib tərəfi – valideynləri də fəal iştirakçıya çevirəcəklər. Valideynlər paralel olaraq təşkil ediləcək kulinariya müsabiqəsində də iştirak edəcəklər.
“Azərbaycan müəllimi”nə müsahibəsində “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı, layihə meneceri Şəfiqə Tağızadə bildirib ki, fəaliyyət planına görə, layihə yanvar ayından başlayıb: “Məktəblər müəyyələsdirilib, tərəfdaşlar bəllidir. Layihəmiz Milli xalq oyunları festivalı ilə iyun ayında yekunlaşdırılacaq”.
Layihəyə festival yekun vuracaq
Belə ki, iyun ayında Milli xalq oyunları festivalı təşkil ediləcək. Festival həm də layihə müddətində əldə edilən nəticələrin ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.
Unudulmaqda olan uşaq oyunlarını yada salacaq
Həmçinin əlavə edilib ki, festival uşaqların diqqətini oyunlara cəlb etməyə yönəlib: “Bilirsiniz ki, son illərdə uşaqlar telefonlardan ayrılmır. Biz milli xalq oyunlarını insanlarımıza xatırlatmaq istəyirik. Ona görə də oyunlar haqqında məlumat verəcək, qaydalarını öyrədəcək və oyunlar üzrə müsabiqələr, yaradıcı təlimlər təşkil edəcəyik. Təkcə milli oyunlar deyil, unudulmaqda olan uşaq oyunlarını da yada salacağıq. Nəinki xatırlatmaq, müasir uşaqların adını belə eşitmədiyi məşhur uşaq oyunları – “Ortada qaldı”, “7 şüşə”, “Kəndirdartma”nı yenidən canlandırmaq istəyirik. Oyunlarda fərqlənən şagirdlər də təltif ediləcəklər”.
Müəllimlər təlimlənib koordinator olacaqlar
Layihədə həyata qaytarılan oyunlar haqqında daha sonra məktəblərdə maarifləndirmənin aparılması planlaşdırılır: “Müəllimləri oyunlar istiqamətdə təlimləndirəcəyik. Təlimlərdə fərqlənən müəllimlər də mükafatlandırılacaq. Hədiyyələrlə yanaşı, nəticələri ilə fərqlənənlər növbəti layihələrdə layihə koordinatoru olacaq, çalışdıqları məktəblərdə başqa müəllimləri təlimləndirəcəklər”.
Layihə başa çatandan sonra təlim və müsabiqələrdə istifadə edilən ləvazimatlar məktəblərə paylanacaq. O vaxta qədər isə uşaqlar oyun ləvazimatlarından istifadə edərək bir çox bacarıqlara yiyələnəcəklər: “Bu müddətdə şagirdlərimizdə bir çox vacib bacarıqların inkişafına nail olmağı, müəllimlərimizin bir sıra vacib istiqamətlərdə peşəkarlq səviyyəsini artırmağına nail olmağı hədəf götürmüşük”.
Festivalda rəsm, dulusçuluq üzrə master-klaslar, əyləncə zonaları təşkil edilcək: “Hədəfimiz festivalı iyunun 1-də, uşaqların beynəlxalq müdafiəsi günündə keçirməkdir. Lakin prosesin iyunun 1-dək yekunlaşması layihənin gedişindən - müəllimlərin layihədə nəzərdə tutulan müsabiqələri vaxtında keçirməyindən də asılıdır”.
Festival əhatəsini genişləndirib milliləşəcək
Layihə menecerinin sözlərinə görə, Bakı, Mingəçevir, Ağdam və Xankəndidə başlayan layihə növbəti illərdə ölkənin başqa rayonlarında da keçiriləcək: “Pilot olan bu layihəni reallaşdırmaq üçün indiyədək təhsil sahəsində şagirdlər üçün layihə həyata keçirmədiyimiz regionları seçdik. Ümumiyyətlə, Milli xalq oyunları festivalını hər il keçirməyi planlasdırırıq. Bu il Bakıda təşkil ediləcək festival digər regionlarda da olacaq və tamamilə milliləsdiriləcək”.
Layihə çərçivəsində tərəfdaşlar görüşdü
Hazırda düşərgənin hazırlıqları davam edir. Hazırlıqların gedişindən danışılarkən bildirilib ki, layihə çərçivəsində tərəfdaşlarla ilk görüş baş tutub: “Tərəfdaş qurumların əməkdaşları ilə keçirilən görüşdə “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinin təqdimatı keçirilib, mart ayında baş tutacaq düşərgənin proqramı, təlim məzmunu, eləcə də layihədə iştirak edən müəllimlər üçün nəzərdə tutulan TOT proqramının qiymətləndirmə meyarlarının formalaşdırılması müzakirə edilib”.
O cümlədən də vurğulanıb ki, nəinki unudulmuş oyunlar, bir çox narahatlıq doğuran məsələlərə layihədə yer verilib: “Təlim mövzuları xüsusi seçilib. Məsələn, uşaqların geyim tərzinin formalaşdırılmasına yer verilib. Hesab edirik ki, onlara təlim və tədbirlərdə necə geyinməyi öyrətməyə ehtiyac var. Müşahidələrimiz göstərir ki, bu məsələ ciddi narahatlıq yaradan problemlərdəndir”.
Layihədən böyük gözləntilər
Beləliklə, interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmaq üçün yanvar ayından yola çıxan layihədə qızğın hazırlıqlar gedir. Hər yeni iş kimi burada da qarşıya konkret məqsədlər qoyulub. Onlar təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirməklə milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etməyə cəhd göstərəcəklər. Buna necə nail olacaqlarını layihənin nəticələri göstərəcək.



