Bakıda məktəbdə şagird özünə xəsarət yetirib
Aprelin 23-də 145 nömrəli tam orta məktəbin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda özünə xəsarət yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.
Məktəbdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib.
Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri və məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.



