Balaca raketlər, böyük hədəflər: kim çempion olacaq? - REPORTAJ
Məktəblilərin Respublika İdman Olimpiadası uğurla davam edir. 70 oğlan və 50 qızın qatıldığı stolüstü tennis şəxsi yarışlarla başlayıb. Aşağı yaş qrupunda tennisçilərin dünənki yarışını izləyən “Azərbaycan müəllimi” maraqlı, rəngarəng görüntülərə şahid olub. Boyca, yaşca balaca, amma çox iddialı yarışçıları izləmək xüsusilə zövqverici idi. Əksəriyyətini məşqçilər “təzə idmançı” adlandırır. Halbuki hər birinin azı 5-6 illik oyunçu “təcrübəsi” var. Aralarında beynəlxalq yarışlar qalibləri, ölkə birinciləri də var.
Yarış yaxşı mühafizə olunur. Müsahibə üçün belə yarışçıya yaxınlaşmaq, onları bir kənara çəkmək üçün mühafizəçilərin sorğu-sualına tuş gəlirsən. Həkimlər də növbətçidirlər. Yarışçıların sağlamlığının növbəsində dayanıblar.
Balaca idmançılardan kimə baxsan tərləyib, qızarıb, həyəcandan gözləri parlayır. Kimdən soruşsan, “Yarışdım, bir də oynayacağam”, - deyir.
Stolüstü tennisdə 17 komanda mübarizə aparır
Yarışlarda 17 komanda iştirak edir. 3 komanda Bakıdan, bir komanda Sumqayıtdan qatılıb. Qalan 12 komanda region məktəblərinin təmsilçiləridirlər.
Yarışın oğlanlar arasında ulduzları Ələkbər Mirzəliyev, Camal Kərim, Saleh Hümbətov, İsgəndər İsgəndərov, qızlar arasında Gülnur Kərimli, Səidə Qulizadə, Alena Mirhacıyeva, Aylin Şərifli, Minaxanım Banuyevadır.
Olimpiada bu gün qoşa və qarışıq yarışlarla davam edir.
“Həm idman etmək, həm dərs oxumaq çətin deyil”
Həsən Məmmədov Şabran rayonundakı 1 nömrəli tam orta məktəbin IV sinif şagirdidir. 7 ay öncə tennis oynamağa başlayıb: “Tennis oyunlarını izləyir, xarici oyunçuların oyunlarına baxırdım. Atam marağımı görüb məni tennisə yönləndirdi”.
Həsən deyir ki, onların tennis oynadığı zal da elə məktəbdədir: “Şabranda 5 nömrəli məktəbin zalında məşğul olururq”.
Həsən riyaziyyatı da tennis kimi çox sevir: “Məsələləri həll etməyi çox sevirəm. Tapşırıqları yerinə yetirməyimdə heç kim kömək etmir, bütün tapşırıqlarımı özüm yerinə yetirirəm. Həm idman etmək, həm dərs oxumaq çətin deyil”.
Tennisçi olmaq istəsə də, Həsən UZİ həkimi olmağı da arzulayır: “Məncə, çox maraqlıdır. İnsan orqanlarını kənardan izləmək istəyirəm”.
Şabran məktəbliləri yarışda fərqlənirlər
Şabran rayon Uşaq gənclər şahmat məktəbində stolüstü tennis üzrə baş məşqçi müəllim Zakir Cavadov “Azərbaycan müəllimi”nə bildirib ki, rayon stolüstü tennisçiləri öz oyunları ilə fərqlənirlər: “Hazırda yığma komandanın 8 üzvü Şabran tennisçisidir. İyul ayında keçiriləcək Avropa birinciliyində 5 oğlandan ikisi Şabran idmançısı olacaq. Böyük yaş qrupunda Tunar Bağırov 19, Ruslan Kərimov isə 15 yaşlılar arasında oynayacaq”.
Şabran idmançılarının bir sıra beynəlxalq yarışlarda da fərqləndiklərini deyən baş məşqçi vurğulayıb ki, Bakı və Sumqayıt komandalarından sonra yarışın ən güclüsü Şabran komandasıdır:
“Yarışda 1, 4, 5 nömrəli məktəblərin və Rəhimli kənd tam orta məktəbinin şagirdləri iştirak edirlər. Şabran komandasında 5 qız, 5 oğlan təmsil olunub. Komandamızın ən az 2 üzvünün medal qazanacağını düşünürəm”.
Tennisçi Bakı məktəbliləri
Camal Kərim də yarışın güclülərindəndir. IV sinfi bitirən Camal 52 nömrəli tam orta məktəbin şagirdidir. Stolüstü tennislə “Şüa” İdman Kompleksində məşğul olur. Stolüstü tennis üzrə yığma komandanın baş məşqçisi Mixail Timofeyevin yetirməsidir:
“Yığmanın məşqçisi mənimlə də məşğul olur, bu, qürurvericidir.
Stolüstü tennisin şəxsi növündə respublika ikincisiyəm. Bu yarışda birinci olacağam”.
Məktəbdə də yaxşı oxuyur. Amma gələcək karyerasını idmanla bağlayacaq: “Tennis müəllimi olacağam”.
Aylin Şərifli V sinif şagirdidir. 238 nömrəli tam orta məktəbin şagirdidir. 5 ildir ki, tennis oynayır. Özbəkistanda keçirilən yarışda IV yeri tutub. 2012-ci ildə doğulanlar arasında Azərbaycan birincisi olub. Tennis müəllimi olacaq: “Tennis oynamaq mənə zövq verir”.
Riyaziyyat müəllimini də, riyaziyyat fənnini də sevir.
Aylinin məşqçisi Rüfət Əliyeva 13 nömrəli idman məktəbinin məşqçisidir. Ən gənc “Əməkdar məşqçi” sayılır: “15 ildir məşqçiyəm. Yetirmələrim arasında respulika çempionları, beynəlxalq yarışların qalibləri var. Yığma komandamızda 3 qız mənim yetirməmdir. Məktəblilərin Respublika İdman Olimpiadasında 5 nəfər - Aylin Şərifli, Zümrüd, Fateh, İsgəndər, Gülay da mənim yetirmələrimdir”.
Əməkdar məşqçi deyir ki, yarışa təzə başlayan idmançıları ilə qatılıb: “Təzə başlayan idmançılar olsalar da, uğurludurlar. İsgəndər İsgəndərovun da, Aylin Şəriflinin də finala çıxacaqlarını düşünürəm”.
“Ümid edirəm ki, bu yarışlar gələn il də keçiriləcək”
Xatırladaq ki, stolüstü tennis üzrə final görüşləri iyunun 24-də baş tutacaq və qaliblər müəyyənləşəcəklər.
Yarışın baş hakimi, Tennis üzrə yığma komandanın baş məşqçisi Fərhad İsmayılov “Azərbaycan müəllimi”nə bildirib ki, gərginlik müşahidə olunan yarışlarda həyəcan və güclü oyunçuların çoxluğu əhəmiyyətli rol oynayıb:
“Olimpiada çox gözəl təşəbbüsdür və ümid edirəm ki, bu yarışlar gələn il də keçiriləcək. Gələn il daha çox məktəblinin yarışlara qatılacağını düşünürəm. Bizim üçün də faydalıdır ki, bütün regionlar üzrə yaxşı idmançıları aşkarlamaq və gələcəkdə yığma komandaya cəlb etmək, beynəlxalq mötəbər yarışlarda iştirakını təmin etmək imkanımız yaranır”.




