Başkent Universiteti və TİKA-nın nümayəndələri Qarabağ Universitetində olublar
11–12 iyun 2026-cı il tarixlərində Türkiyənin Başkent Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğu nümayəndə heyəti Qarabağ Universitetində səfərdə olub.
Bu barədə "Azərbaycan müəllimi"nə Qarabağ Universitetindən məlumat verilib.
Bildirilib ki, səfərin əsas məqsədi Qarabağ Universiteti ilə Başkent Universiteti arasında tibb və sağlamlıq elmləri sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunması, tibb təhsili və klinik infrastruktur üzrə təcrübə mübadiləsinin aparılması, akademik əlaqələrin genişləndirilməsi, eləcə də gələcək birgə təhsil, tədqiqat və səhiyyə layihələri üzrə əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi olub.
Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Qarabağ Universitetinin əsas inzibati binası və Biznes və İqtisadiyyat fakültəsinin yeni tədris binası ilə tanış olub.
Daha sonra universitet rəhbərliyi ilə görüş keçirilib. Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq səfərin universitetlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Rektor Qarabağ Universitetinin beynəlxalq əməkdaşlıq gündəliyi, xüsusilə tibb və sağlamlıq elmləri istiqamətində qurulan tərəfdaşlıqlar və gələcək inkişaf hədəfləri barədə məlumat verib.
Şahin Bayramov həmçinin Qarabağ Universiteti nümayəndə heyətinin daha əvvəl Ankara şəhərinə həyata keçirilmiş səfərinə toxunaraq həmin görüşlər zamanı formalaşmış əlaqələrin hazırkı əməkdaşlıq müzakirələri üçün mühüm zəmin yaratdığını qeyd edib və qarşılıqlı səfərlərin institusional tərəfdaşlığın inkişafına töhfə verdiyini bildirib.
Görüş zamanı tərəflər arasında tibb və sağlamlıq elmləri istiqamətində əməkdaşlığın prioritet istiqamətləri, ortaq akademik və elmi fəaliyyətlərin təşkili, tələbə və müəllim mobilliyi, klinik təcrübə imkanları, birgə tədqiqat təşəbbüsləri və gələcək səhiyyə layihələri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov universitetin beynəlxalq əməkdaşlıq istiqamətləri, tibb və sağlamlıq elmləri üzrə təşəbbüsləri və gələcək inkişaf prioritetləri barədə məlumat verib.
Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev fakültənin tədris modeli, klinik hazırlıq imkanları və səhiyyə infrastrukturunun inkişaf istiqamətlərindən bəhs edib.
Başkent Universitetinin Tibb Fakültəsinin dekanı Şaban Remzi Erdem isə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tibb təhsili üzrə təcrübəsini bölüşərək iki universitet arasında gələcək əməkdaşlıq üçün mövcud potensialı yüksək qiymətləndirib.
Görüşün sonunda tərəflər arasında qarşılıqlı hədiyyə təqdimatı həyata keçirilib, xatirə şəkilləri çəkdirilib.
Daha sonra nümayəndə heyəti universitetin İncəsənət fakültəsi ilə tanış olub, fakültənin tələbə və müəllim heyəti tərəfindən hazırlanmış musiqi proqramını izləyib.
Səfərin ikinci günü Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində davam edib. Proqram çərçivəsində Simulyasiya Mərkəzində tibb bacılığı təhsili və keyfiyyət təminatı istiqamətində təqdimatlar keçirilib, universitetin tətbiq etdiyi tədris yanaşması nümayiş etdirilib.
Daha sonra nümayəndə heyəti fakültənin tədris və klinik infrastrukturu ilə yaxından tanış olub. Tədris binası, Simulyasiya Mərkəzi, klinika kompleksi, eləcə də digər funksional məkanlar üzrə təqdimatlar həyata keçirilib və mövcud imkanlar nümayiş etdirilib.
Səfər əməkdaşlıq perspektivlərinin müzakirəsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.




