BDU ötən illə müqayisədə fiziki və mühəndislik elmləri sahəsində nəticələrini artırıb

22 Yanvar, 2025 - 14:30
BDU ötən illə müqayisədə fiziki və mühəndislik elmləri sahəsində nəticələrini artırıb
BDU ötən illə müqayisədə fiziki və mühəndislik elmləri sahəsində nəticələrini artırıb

“Times Higher Education” (THE) reytinq təşkilatı 2025-ci il üçün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin ixtisaslar üzrə reytinq siyahısını açıqlayıb. Reytinq nəticələrinə əsasən, Bakı Dövlət Universiteti (BDU) yer aldığı kateqoriyaların sayına və mövqeyinə görə Azərbaycanda yuxarı mövqeyini qorumaqda davam edir. BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) sahəsində 1001+ mövqeyində yer alaraq, Azərbaycanda bu kateqoriya üzrə reytinqə daxil olan yeganə ali təhsil müəssisəsi olub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, universitet, həmçinin mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) sahəsində 1001-1250-ci mövqedə qərarlaşaraq, bu kateqoriya üzrə reytinqdə ölkə mövqeyini möhkəmləndirib.

Ümumilikdə BDU-nun qiymətləndirmə nəticələri əvvəlki illə müqayisədə fiziki elmlər sahəsində 10 faiz, mühəndislik elmləri sahəsində isə 14 faiz artıb.

Qeyd edək ki, THE təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin və ixtisaslarının reytinqini tərtib etmək və universitetlərin reytinqinin yüksəldilməsi üçün tövsiyələr verməkdir.