BDU yeni sahə üzrə kadr hazırlığına başlayır

24 İyun, 2026 - 14:40
BDU yeni sahə üzrə kadr hazırlığına başlayır

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 2026/2027-ci tədris ilində lk dəfə magistratura səviyyəsində "Qida kimyası" ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, "Qida kimyası" ixtisaslaşması qida məhsullarının kimyəvi tərkibinin öyrənilməsi, keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi, saxlanması və emalı zamanı baş verən kimyəvi proseslərin araşdırılması, qida əlavələrinin tədqiqi sahələrində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Tədris proqramı çərçivəsində tələbələr qida məhsullarının kimyəvi tərkibinin təhlili, emalı və saxlanması zamanı baş verən kimyəvi dəyişikliklər, qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sistemləri, qida əlavələri və çirkləndiricilərin müəyyənləşdirilməsi, müasir analitik cihaz və laboratoriya metodları, beynəlxalq qida standartları və normativ tələblər üzrə nəzəri və praktik biliklər əldə edəcəklər.

Təhsil müddətində tələbələr müasir laboratoriyalarda praktiki bacarıqlar qazanacaq, qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin qiymətləndirilməsi istiqamətində tətbiqi layihələrdə iştirak edəcəklər.