Bəşəriyyətin göylərə uzanan yolu – Ümumdünya Kosmos Həftəsi
Hər il 4–10 oktyabr tarixlərində bütün dünyada kosmik elm və texnologiyanın bəşəriyyətin inkişafındakı rolunu qeyd etmək üçün Ümumdünya Kosmos Həftəsi (World Space Week) keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 1999-cu ildə təsis edilən bu həftə, hazırda planetimizin 100-dən çox ölkəsində minlərlə tədbirlə qeyd olunan ən böyük qlobal kosmik platformadır.
Hər il müəyyən bir qlobal mövzu (məsələn, kosmos və iqlim dəyişikliyi, kosmosda qadınlar və ya kosmik sahibkarlıq) ətrafında keçirilən bu həftənin əsas məqsədi gəncləri elm və texnologiyaya cəlb etmək, kosmik fəaliyyətlərin davamlı gələcək üçün əhəmiyyətini cəmiyyətə çatdırmaqdır.
Ümumdünya Kosmos Həftəsinin tarixləri təsadüfi seçilməyib. Bu əlamətdar həftə bəşər tarixinin gedişatını kökündən dəyişən iki mühüm tarixi hadisəyə söykənir:
İlk olaraq, 4 oktyabr 1957-ci ildə insanın kosmosa ilk addımı sayılan, Yer kürəsinin ilk süni peyki "Sputnik-1" orbitə buraxılıb və bununla da kosmos erası başlayıb. Daha sonra 10 oktyabr 1967-ci ildə səma cismlərinin, o cümlədən Ayın dinc məqsədlərlə öyrənilməsini və istifadəsini hüquqi cəhətdən təmin edən beynəlxalq Kosmos Müqaviləsi qüvvəyə minib. Məhz bu səbəbdən hər il 4–10 oktyabr tarixləri bütün dünyada Ümumdünya kosmos həftəsi kimi qeyd olunur.




