Beynəlxalq Eynşteyn Olimpiadasına qeydiyyat başlayıb
16 may 2026-cı il tarixində Azərbaycanda ilk dəfə olaraq Almaniya mərkəzli Beynəlxalq Eynşteyn Olimpiadasının seçim turu keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, dünyanın 40-dan çox ölkəsindən iştirakçıların qatıldığı bu nüfuzlu olimpiada, şagirdlərə beynəlxalq səviyyədə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır. Seçim turunda yüksək nəticə göstərən iştirakçılar final mərhələsində Berlində keçiriləcək yarışda iştirak edərək qlobal səviyyədə rəqabət aparacaqlar.
16 may tarixində keçiriləcək Eynşteyn Olimpiadası iki istiqamət üzrə təşkil olunacaq: Təbiət Elmləri və Riyaziyyat. Təbiət Elmləri istiqaməti həyat bilgisi, fizika, kimya və biologiya fənlərini əhatə edir və müxtəlif sinif kateqoriyalarına uyğun şəkildə keçirilir.
Olimpiadanın əsas məqsədi şagirdlərin analitik düşünmə, problem həll etmə və elmi yanaşma bacarıqlarını inkişaf etdirməkdir.
Riyaziyyat istiqaməti üzrə isə cəbr və həndəsənin əsas anlayışları, həmçinin yuxarı siniflər üçün daha mürəkkəb riyazi məntiq və problem həll etmə bacarıqlarını əhatə edən tapşırıqlar təqdim olunur. Olimpiadanın sillabusu şagirdlərin həm nəzəri bilik və bacarıqlarını yoxlamağa yönəlib.
2026-cı il seçim mərhələsi ölkənin müxtəlif regionlarını əhatə edəcək. İmtahanlar Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Quba, Naxçıvan, Xankəndi, Şəmkir və Şəki şəhərlərində təşkil olunacaq.
İmtahan proqramına əsasən:
• Riyaziyyat fənni üzrə imtahan saat 11:00-da,
• Elm (Science) kateqoriyası üzrə imtahan isə saat 14:00-da keçiriləcək.
Eynşteyn Olimpiadası Almaniya mərkəzli beynəlxalq layihə olmaqla, Avropanın müxtəlif akademik qurumları və universitetlərinin iştirakı ilə həyata keçirilir. Final mərhələsi 26–30 oktyabr 2026-cı il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində, tanınmış universitetlərin ev sahibliyi ilə təşkil olunacaq. Dünyanın 40-dan çox ölkəsindən ən yüksək nəticə göstərmiş şagirdlər bu mərhələdə iştirak etmək üçün Berlində bir araya gələcəklər. Final iştirakçıları yalnız akademik mübarizədə deyil, eyni zamanda Almaniyanın zəngin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Avropa səviyyəsində təşkil olunan bu nüfuzlu platformada öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Bu mərhələdə uğur qazanan şagirdlər beynəlxalq səviyyəli sertifikatlar əldə edərək akademik portfoliolarını gücləndirmək imkanı qazanırlar.
Qeyd edək ki, Azərbaycanda bu olimpiadanın təşkilatçısı və rəsmi nümayəndəsi "Global Olympiad Center" (GOC)-dir. GOC üzvü olduğu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvləri üçün xüsusi iştirak imkanları nəzərdə tutulmuşdur. Bu imkanlardan yararlanmaq üçün iştirakçıların GOC platformasında şəxsi kabinet yaratması tələb olunur.
Beynəlxalq Eynşteyn Olimpiadası, şagirdlər üçün yalnız bir yarış deyil, eyni zamanda onların gələcək akademik və karyera inkişafına töhfə verən mühüm platforma kimi çıxış edir.



