“Bəzi şagirdlərimizi gələcəyin məşhur rəssamları kimi görürük” – Naxçıvanın Yaradıcılıq Mərkəzindən REPORTAJ

23 Dekabr, 2024 - 10:10
“Bəzi şagirdlərimizi gələcəyin məşhur rəssamları kimi görürük” – Naxçıvanın Yaradıcılıq Mərkəzindən REPORTAJ
“Bəzi şagirdlərimizi gələcəyin məşhur rəssamları kimi görürük” – Naxçıvanın Yaradıcılıq Mərkəzindən REPORTAJ
“Bəzi şagirdlərimizi gələcəyin məşhur rəssamları kimi görürük” – Naxçıvanın Yaradıcılıq Mərkəzindən REPORTAJ

Azərbaycanın ilk ali təhsilli rəssamı Bəhruz Kəngərlinin yurdunda rənglərin sehri bu gün də əhəmiyyətini qoruyur. 

“Azərbaycan müəllimi” olaraq baş çəkdiyimiz Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə gələn uşaqlar arasında da gələcəyin rəssamları olmaq istəyənlərin sayı çoxdur. 

Mərkəzin direktor müavini Günay İsaqova bildirdi ki, burada ümumilikdə 36 adda elmi və yaradıcı dərnək fəaliyyət göstərir. Ən çox maraq göstərilən dərnəklər sırasında rəssamlıq dərnəyi ön sıradadır: “Bəzi şagirdlərimizi artıq gələcəyin məşhur rəssamları kimi görürük. Hər biri fərqli duyum gücünə malikdir. Rəsm əsərləri hər insanda fərqli duyğular oyadır. Bu, rəssamlığın ən gözəl cəhətidir”.

Mərkəzin rəssamlıq dərnəyi ilə yaxından tanış olmaq üçün rənglərlə bəzədilmiş rəssamlıq otağına daxil olduq. Burada müəllim və şagirdlərin rəsm əsərləri üzərində həvəslə çalışdıqlarını gördük. 2006-cı ildən bu mərkəzdə rəsm müəllimi kimi çalışan Səkinə Qarayeva bizimlə söhbətində dedi ki, şagirdlərinin əsərləri müxtəlif müsabiqələrdə uğur qazanıb və onların fərdi sərgiləri təşkil olunub:

“Rəssamlıq bütün sənətlərdən fərqlidir və xüsusi duyum tələb edir. 18 illik təcrübəmi şagirdlərlə bölüşürəm, onların ideyalarını dəstəkləyirəm. Fiziki məhdudiyyətli bir şagirdimizlə işləmək isə mənim üçün xüsusi bir məsuliyyətdir. Bu sənətə həvəsi olan gənclərə daim dəstək olmuşam və bundan sonra da bu sahədə işimi davam etdirəcəyəm”.

Rəssamlıq dərnəyində iştirak edən şagirdlərin fikirləri də maraqlı idi. Zeynəb Seyidli dörd ildir ki, bu mərkəzə gəlir:

“Buradan öyrəndiklərim mənim gələcəkdə rəssam və ya dizayner kimi formalaşmağımda böyük rol oynayacaq. Artıq fərdi sərgilərim təşkil olunur”.
Ucqar dağ kəndindən olan Günay Məmmədova da uşaqlıqdan rəssam olmaq arzusu ilə yaşayır: “İndi çəkdiyim rəsmlər sərgilərdə nümayiş olunur. Bu şəraiti yaradan dövlətimizə minnətdaram. Digər şagirdlərə də asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edirəm”.