“Adımı tarixə yazdırmaq istəyirəm” - çempion qızlar danışırlar
Gəncə İdman Sarayında keçirilən qadın güləşi üzrə yeniyetmələrin ölkə çempionatı Gəncə idmançıları üçün uğurla yadda qalıb. U-15 yaş qrupunda Gəncə şəhər 26 nömrəli məktəb-lisey kompleksinin VII sinif şagirdləri Mədinə Kərimova və Nərgiz Cəfərzadə yüksək nəticə göstərərək Azərbaycan çempionu adına layiq görülüblər.
“Azərbaycan müəllimi” çempionlarla həmsöhbət olub.
“Atamın sevgisi məni güləşə gətirdi”
Mədinə Kərimova 2017-ci ildən güləşlə məşğuldur. Bu seçim təsadüfi olmayıb: “Atam güləşi çox sevir. Onun sevgisi məni də bu idmana bağladı”, – deyə o bildirir. Çempionluğun onun üçün əsas mənası isə çəkdiyi zəhmətin bəhrəsini görməkdir.
Yarışa hazırlıq prosesində daha çox texniki fəndlər üzərində işlədiyini deyən Mədinə qazandığı uğurda valideynlərinin ona olan inamını xüsusi vurğulayır: “Valideynlərimin inamı mənə güc verir”.
Gənc çempion futbol oynamağı da çox sevir. O hesab edir ki, futbol onun cəldliyinə və nəfəsinin möhkəmlənməsinə kömək edir. İdmanla məşğul olmaq dərslərinə də təsirsiz ötüşmür: “İdmandan sonra dincəlməyə vaxt qalmır. Dərslərimi orta səviyyədə oxuyuram”, – deyə səmimi şəkildə etiraf edir.
“Mən ilk olmaq istəyirəm”
Mədinə bildirir ki, uğur qazanana qədər münasibət fərqli idi: “Çempion olandan sonra gördüm ki, hamı məni dəstəkləyir”.
Ardıcıl iki dəfə respublika çempionu olduqdan sonra onunla dostluq etmək istəyənlərin artdığını deyən idmançı əlavə edir: “Mən gücümü məşqdə sınayıram”.
Onun əsas motivasiya mənbəyi uğurlu idmançı qızlardır. Gələcək hədəfi isə olduqca iddialıdır: “Öncə U-15-lərdə Avropa çempionu olub adımı tarixə yazdırmaq istəyirəm. Çünki bu yaş qrupunda qızlar arasında hələ Avropa çempionu olmayıb. Mən ilk olmaq istəyirəm”.
İdmanla yanaşı, Mədinənin başqa bir arzusu da var – gələcəkdə DTX əməkdaşı olmaq və Vətənə xidmət etmək.
“Gücümü yalnız güləş döşəyində sınayıram”
Nərgiz Cəfərzadə idmana böyük həvəsinin olduğunu deyir. Onu güləşə gətirən isə anası olub: “Anam məni güləşə gətirdi və heç peşman deyiləm”.
Azərbaycan çempionu olmaq bir zamanlar ona əlçatmaz görünürdü: “Əvvəllər çempionluq mənim üçün çox uzaq idi. Amma indi ikinci dəfədir ki, bu adı qazanıram”. Bu uğurun arxasında isə planlı və əzmkar məşq dayanır.
Gənc idmançı qazandığı nailiyyətdə məşqçisi Kənan Məmmədovun ona olan inamını xüsusi vurğulayır.
Onun sözlərinə görə, məhz bu inam çətin anlarda ona güc verib.
“Günümü məşqə həsr edirəm”, – deyən Nərgizin hobbiləri çox olsa da, əsas prioriteti idmandır. Dərslə məşqi paralel aparmaq bəzən çətinlik yaratsa da, hər iki istiqamətdə irəliləməyə çalışır.
Cəmiyyətin münasibətinə gəlincə, o, məsələyə təmkinlə yanaşır: “Bəziləri deyir qız nədir, idman nədir. Bəziləri isə deyir düz yoldasan. Hər iki fikri normal qarşılayıram”.
Gülərək əlavə edir: “Bəzi hallarda məndən qorxurlar. Amma gücümü yalnız döşəkdə sınayıram”.
Onun əsas motivasiya mənbəyi komanda yoldaşlarıdır. Gələcək planları isə çox böyükdür: “Olimpiya çempionu olmaq istəyirəm”.
Nərgizin məqsədi yalnız idman yolu ilə irəliləmək, zəhməti və qətiyyəti ilə zirvəyə yüksəlməkdir.



