Kod yazdılar, medal qazandılar: Dünyanın 120 istedadı arasında seçilən azərbaycanlılar
Məktəblilərimiz Rumıniyada təşkil olunan “Stars of Informatics” virtual proqramlaşdırma müsabiqəsində ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr göstəriblər. Belə ki, oktyabrın 16-19-da keçirilən nüfuzlu bilik yarışında komandamız 2 qızıl və 2 gümüş medal qazanıb.
Dünyanın 23 ölkəsindən 120 gəncin qatıldığı müsabiqədən qalib çıxan məktəbli proqramçılarımız “Azərbaycan müəllimi”nə uğurlarından danışıb, qazandıqları nailiyyətin ilk olmadığını bildiriblər.
“Stars of Informatics”in qızıl medalçısı respublika və beynəlxalq olimpiadalar qalibidir
“Stars of Informatics”dən qızıl medalla qayıdan iki şagirddən biri Göyçay məktəblisidir. Vaqif Abdullayev Göyçay şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Qızıl medalçı uğurunun sirrini informatikaya olan sevgisi ilə izah edib: “Riyaziyyat və informatikanı çox sevirəm. İnformatikada xüsusi bacarıq və istedadımı VIII sinifdə iştirak etdiyim Respublika Fənn Olimpiadasında anladım. Həmin müsabiqədə uğur qazanaraq bürünc medala layiq görüldüm”.
O vaxtdan rəqəmsal dünyaya marağı xüsusilə artan Vaqif deyir ki, rəqabət informatikanın ən çox sevdiyi xüsusiyyətidir.
“Stars of Informatics”ə hazırlaşarkən həm onlayn hazırlıq qruplarına qoşularaq olimpiada təcrübəsi olan müəllimlərdən dəstək alıb, həm də bu istiqamətdə öz müəllimləri əlindən gələni ediblər. Amma onu olimpiadaya aparan əsas qüvvə atası olub: “Əvvəldən ən böyük dəstəyi atamdan alıram. Məni olimpiadalara yönləndirən, məhz informatika üzrə iştirak etməyimi dəstəkləyən atam olub”.
Vaqif başqa uğurlarından da qürurla danışır: “VII sinifdən Respublika fənn olimpiadalarına qatılıram. Ölkə üzrə müsabiqə və olimpiadalarda həm bürünc, həm gümüş, həm də qızıl medallarım olub”.
Beynəlxalq uğurlarına gəlincə, məktəblilər arasında proqramlaşdırma və informatika sahəsində keçirilən ən nüfuzlu qlobal yarışlardan biri olan Con Atanasov adına Beynəlxalq Təkmil İnformatika Turnirindən (International Advanced Tournament in Informatics) gümüş, Avropa ölkələrindən olan gənc proqramlaşdırma istedadlarını bir araya gətirən mötəbər bir alqoritmik yarış olan Beynəlxalq Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından (EJOI — European Junior Olympiad in Informatics) bürünc medal gətirib.
“Stars of Informatics” özünü ulduz hesab etmir, deyir, ondan yaxşı olanlar var və həmişə olacaq: “Gələcəkdə isə istəyirəm ki, xaricdəki məşhur universitetlərdən birində kompüter elmləri üzrə təhsil alım”.
“Cavabımın fərqli olması üçün suala başqa cür baxır, başqa nöqteyi-nəzərdən izah etməyə çalışıram”

Digər qızıl medalçımız Tuncay Paşayev isə Bakı məktəblisidir. O, Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin X sinif şagirdidir.
Gənc istedad “Azərbaycan müəllimi”nə müsahibəsində “Stars of Informatics”də qələbənin asan başa gəlmədiyini deyib: “Mübarizə çox çətin idi, bütün dünya üzrə ən güclü uşaqlara qarşı yarışırdıq”.
İnformatika ulduzu olmaq, özünü məhz ulduz kimi hiss etmək üçün öz qarşısında qoyduğu bəzi hədəflər var: “Özümü ulduz hesab etmək üçün hələ bir çox hədəflərim var”.
Gələcək hədəfinə gəlincə, o, Sinqapur Milli Universitetinin (NUS) tələbəsi olmaq istəyir: “Kompüter elmləri, riyaziyyat və süni intellekt üzrə ixtisaslaşacağam”.
Çünki ən sevdiyi sahə informatikadır: “İnformatikanın dərinliyinə getdikcə daha maraqlı şeylər kəşf edirəm. Riyaziyyatı da çox sevirəm, çünki onu da informatikanın sağ qolu hesab edirəm”.
Tuncay deyir ki, “Stars of Informatics”in Azərbaycan üzrə 4 ulduzundan biri olmağı məhz onun olimpiada və yarışlarda nailiyyətləri ilə bağlıdır: “Bu yarışa qatılanlardan olmağım da təsadüf deyil. Respublika fənn olimpiadalarında ən yüksək nəticə toplayan 4 şagirdi seçirdilər və mən onlardan biri idim”.
Tuncay uğuru V sinifdən tanıyır, özü də məhz rəqəmsal yarışdan. O, “Hour of Code” adlı rəqəmsal yarışda ölkə üzrə III olub. Uğurlarının davamı yuxarı siniflərdə də gəlib və o, bürünc, gümüş, qızıl medallar qazanıb. “Milli Hakaton 2025” yarışmasında III yerə çıxıb. Beynəlxalq uğurları da kifayət qədər olan Tuncay Con Atanasov adına Beynəlxalq Təkmil İnformatika Turnirində (International Advanced Tournament in Informatics) gümüş, Beynəlxalq Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (European Junior Olympiad in Informatics) bürünc medala layiq görülüb.
Uğurlarının səbəbini isə məqsədyönlülüyü ilə izah edir: “Çalışıram ki, hər məqsədimə çatım, bunun üçün əlimdən gələni edirəm”.
Tuncay fərqlənməyi də sevir və bu xüsusiyyəti onun uğurlarının açarı sayılır: “Kreativ olmağa çalışıram, hamı bir suala oxşar və sadə cavablar verir, mən cavabımın fərqli olması üçün suala başqa cür baxır, başqa nöqteyi-nəzərdən izah etməyə çalışıram”.
“Yarışdan əvvəl nə qədər həyəcanlı olsam da, yarış zamanı həmişə soyuqqanlı olmuşam”
“Stars of Informatics”in 2 gümüş medalçısından biri Mahmud İsalı VI sinifdən informatika fənni ilə maraqlandığını deyir. Elə o yaşlardan da Respublika fənn müsabiqələrində medallar qazanıb: “VIII sinifdə kodlaşdırmağı öyrəndim və bu fənnə olan marağım daha da artdı”.
Bakı şəhər Kimya və biologiya təmayüllü liseyin X sinif şagirdi deyir ki, ilk böyük nailiyyəti RFO-nun qızıl medalçısı olmasıdır: “Buna görə bir neçə beynəlxalq yarışa seçildim və həmin yarışlarda əlimdən gələni etdim”.
Uğurunun sirri isə həyəcanını idarə edə bilməsidir: “Yarışdan əvvəl nə qədər də həyəcanlı olsam da, yarış zamanı həmişə soyuqqanlı olmuşam”.
Beynəlxalq Yeniyetmələrin Avropa İnformatika Olimpiadasının (European Junior Olympiad in Informatics — EJOI) iştirakçısı olan Mahmud “Stars of Informatics”ə RFO qalibləri arasında yer aldığı üçün qatıla bilib: “Bu sahədə nə qədər uğurlu olsam da, bilmədiyim çox mövzu və sual tipi var”.
Ən böyük arzusu kompüter elmləri üzrə mütəxəssis olmaqdır: “Mənim xəyalımdakı ali təhsil müəssisəsi Sinqapur Milli Universitetidir. Mən orada kompüter elmləri ixtisası üzrə təhsil almaq istəyirəm”.
VIII sinif şagirdinin ilk beynəlxalq uğuru gümüş medal oldu
“Stars of Informatics” olimpiadasında qazandığı gümüş medal Həsənin ilk beynəlxalq uğurudur. O da olimpiadaların həvəskarıdır: “V sinifdən mütəmadi yarışlarda iştirak edirəm. Lütfi Zadə adına olimpiadalarda, riyaziyyat olimpiadalarında iştirak etmişəm, respublika fənn müsabiqələrində qızıl medallar qazanmışam. Olimpiadalarda yaxşı göstəricilərim olduğuna görə əvvəlcə Beynəlxalq Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI), sonra “Stars of Informatics”də iştirak etdim”.
Həsən Süleymanov “Gənc İstedadlar” liseyinin VIII sinif şagirdir. Gələcəklə bağlı planlarını hələ qətiləşdirməsə də, riyaziyyat və informatikanı sevməyə, olimpiadalarda uğur qazanmağa davam edəcək.
Nə deyək, təki arzularınız plana, planlarınız reallığa çevrilsin, əziz məktəblilər!




