Bilik, təcrübə və yeni hədəf – Dövlət Proqramı təqaüdçüsü 

4 Sentyabr, 2026 - 12:33
Bilik, təcrübə və yeni hədəf

Qlobal iqtisadiyyatın sürətlə dəyişdiyi, maliyyə sektorunda texnologiya və innovasiyaların getdikcə daha böyük rol oynadığı bir dövrdə müasir mütəxəssisdən yalnız peşəkar bilik deyil, həm də beynəlxalq təcrübə, analitik düşüncə və daim yenilənən bacarıqlar tələb olunur. Bu baxımdan dünyanın nüfuzlu universitetlərində əldə olunan bilik və təcrübənin ölkəyə gətirilməsi həm fərdi, həm də milli inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan dövlətinin gənclərə yaratdığı geniş təhsil imkanları bu istiqamətdə yeni perspektivlər açır. Belə ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq imkanı qazanan gənclərdən biri də maliyyə, mühasibatlıq və audit sahəsində peşəkar fəaliyyət göstərən İlham Səmədovdur.

Peşəkar fəaliyyəti ərzində maliyyə və audit sahəsində mühüm təcrübə qazanan İlham Səmədov Kembric Universitetində “Maliyyə” ixtisası üzrə magistratura təhsili alacaq.

Bəs Kembricə aparan bu yol necə başladı? İlham Səmədovu maliyyə sahəsinə yönəldən əsas motivasiya nə oldu və o, dünyanın aparıcı universitetlərindən birində qazandığı bilikləri gələcəkdə Azərbaycan üçün necə dəyərləndirməyi planlaşdırır?
“Azərbaycan müəllimi” olaraq İlham Səmədovu oxucularımıza daha yaxından tanış edirik. 

Məktəb illərindən başlayan uğurlar 

İlham Səmədovun akademik uğurları hələ məktəb illərindən başlayıb. O, Neftçala rayon 3 nömrəli tam orta məktəbini qızıl medalla bitirib.

Məktəb illərində müxtəlif bilik yarışlarında iştirak edən İlham bir neçə dəfə rayon səviyyəsində uğur qazanıb. Onun ən mühüm nailiyyətlərindən biri isə XI sinifdə Respublika fənn olimpiadalarında  coğrafiya fənni üzrə qızıl medal qazanması olub.Bununla yanaşı, regional səviyyədə təşkil olunan müxtəlif bilik yarışlarında da dəfələrlə qaliblər sırasında yer alıb.

İlham Səmədov ali məktəblərə qəbul imtahanlarında 664 bal toplayaraq Bakı Mühəndislik Universitetinin “Maliyyə” ixtisasına qəbul olub.Universitet illərində akademik göstəricilərini yüksək səviyyədə qoruyub saxlayan İlham bakalavr təhsilini 91,3 ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə başa vurub.

Onun universitet həyatı yalnız auditoriya və ixtisas fənləri ilə məhdudlaşmayıb. İlham Səmədov tələbəlik illərində intellektual yarışlarda da fəallığını davam etdirib və “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının qalibi olub.

Tələbəlikdən peşəkar maliyyə mühitinə

İlham Səmədov hələ ali təhsil aldığı dövrdə nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirməyə çalışıb. Bu məqsədlə ölkənin aparıcı şirkətlərində müxtəlif təcrübə proqramlarında iştirak edib.Bakalavr təhsilini başa vurduqdan sonra isə maliyyə və audit sahəsində peşəkar karyerasını davam etdirərək dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən birində fəaliyyətə başlayıb.
Təxminən 7 ilə yaxın peşəkar fəaliyyəti ərzində İlham Səmədov şirkətdə müxtəlif məsuliyyət səviyyələrini keçib. O, ayrı-ayrı dövrlərdə mütəxəssis, ekspert, baş ekspert və menecer kimi fəaliyyət göstərib.

İlham Səmədovun peşəkar təcrübəsi maliyyə və mühasibatlığın müxtəlif istiqamətlərini əhatə edir.Peşəkar inkişaf yolunda texniki biliklərlə yanaşı, onda idarəetmə təcrübəsi də formalaşıb.

Beləliklə, onun Kembric Universitetinə qəbulundan əvvəlki peşəkar bazası yalnız nəzəri maliyyə biliklərinə deyil, real biznes mühitində illər ərzində formalaşan geniş təcrübəyə əsaslanır. Gəncimiz peşəkar fəaliyyəti ilə yanaşı, beynəlxalq səviyyədə tanınan kvalifikasiyalar istiqamətində də inkişafını davam etdirib.

Uzunmüddətli iş təcrübəsi ilə beynəlxalq peşəkar kvalifikasiyanın vəhdəti onun növbəti mərhələdə akademik inkişafını dünyanın qabaqcıl universitetlərindən birində davam etdirməsinə zəmin yaradıb.

Akademik biliklər yalnız yeni diplom və ya növbəti karyera mərhələsi deyil

Peşəkar karyerasında əhəmiyyətli təcrübə qazandıqdan sonra İlham Səmədov akademik inkişafının növbəti mərhələsi üçün Kembric Universitetini seçib.Qeyd etdiyimiz kimi o, Dövlət Proqramı çərçivəsində adıçəkilən universitetdə “Maliyyə” ixtisası üzrə magistratura təhsili alacaq.

Kembricdə maliyyə sahəsində əldə edəcəyi qabaqcıl akademik biliklər İlham Səmədov üçün yalnız yeni diplom və ya növbəti karyera mərhələsi deyil. Onun əsas məqsədlərindən biri müxtəlif ölkələrdən olan mütəxəssislərlə eyni akademik mühitdə təhsil almaq, beynəlxalq maliyyə sistemlərinin işləmə mexanizmlərini daha dərindən öyrənmək və qlobal biznes mühitində tətbiq olunan qabaqcıl yanaşmalarla yaxından tanış olmaqdır.

“Mənim üçün Kembricdə təhsil almağın əsas üstünlüklərindən biri…”

İlham Səmədov hesab edir ki, müasir dövrdə maliyyə mütəxəssisinin yalnız klassik maliyyə və mühasibatlıq biliklərinə sahib olması kifayət etmir.Onun fikrincə, sürətlə dəyişən qlobal biznes mühiti maliyyə sektorunda çalışan mütəxəssislərdən texnoloji yeniliklərə, süni intellektə, məlumatların təhlilinə və innovativ maliyyə həllərinə açıq olmağı tələb edir:“Müasir dünyada maliyyə sektorunun inkişafı yalnız nəzəri biliklərlə məhdudlaşmır. Beynəlxalq təcrübənin, texnologiyanın, süni intellektin və innovativ maliyyə həllərinin düzgün tətbiqi getdikcə daha böyük əhəmiyyət daşıyır. Mənim üçün Kembricdə təhsil almağın əsas üstünlüklərindən biri də bu istiqamətləri daha dərindən öyrənmək və onları gələcək fəaliyyətimdə tətbiq etmək imkanıdır. Məqsədim Kembricdə qazandığım bilikləri yalnız şəxsi karyera inkişafım üçün istifadə etmək deyil. Azərbaycanda maliyyə və biznes mühitinin inkişafına, beynəlxalq maliyyə və hesabatlılıq təcrübələrinin tətbiqinə, daha effektiv və şəffaf sistemlərin formalaşmasına töhfə vermək istəyirəm”.