“Bir Könüllü” təşkilatının 10 illik yubiley tədbiri keçirilib
Dekabrın 18-də “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yaradılmasının 10 illiyi münasibətilə “10 il birlikdə” adlı yubiley tədbiri təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilən yubiley tədbirində dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri, eləcə də gənclər və könüllülər iştirak ediblər.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Daha sonra “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, təşkilatın son 10 il ərzində həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələr barədə geniş təqdimat göstərilib. Bildirilib ki, təşkilat bu müddət ərzində 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən şəbəkə qurub, 8 şəhər üzrə 800-dən çox layihə və tədbir həyata keçirib, ümumilikdə 338 896 könüllü saatı qeyd olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin ictimai fəallığının artırılması və sosial məsuliyyətin təşviqi baxımından könüllülük fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Nazir müavini qeyd edib ki, “Bir Könüllü” təşkilatı 2015-ci ildən fəaliyyət göstərir və hazırda 45 minə yaxın iştirakçı ilə 44 təhsil müəssisəsini əhatə edir. O, gəncləri bilik və bacarıqlarını artırmağa, təşəbbüskar və məsuliyyətli olmağa çağırıb.
Digər rəsmi çıxışçılar da tədbirdə könüllülük fəaliyyətinin gənclərin potensialının inkişafında, ictimai fəallığının artırılmasında və vətəndaş cəmiyyətinin güclənməsində oynadığı rol barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində “BİRlikdə yazılan hekayə” videoçarxı nümayiş olunub, ardından “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyətində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş 30 gənc könüllü mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.


