BMT uşaqların pulsuz təhsil hüququna dair yeni müqavilə hazırlayır

22 Sentyabr, 2026 - 11:54
BMT uşaqların pulsuz təhsil hüququna dair yeni müqavilə hazırlayır

Birləşmiş Millətlər Təşkilatı (BMT) uşaqların pulsuz təhsil hüququnun gücləndirilməsini nəzərdə tutan yeni hüquqi qüvvəyə malik müqavilənin hazırlanması istiqamətində müzakirələri davam etdirib.

"Azərbaycan müəllimi" xəbər verir ki, söhbət Uşaq Hüquqları Konvensiyasına əlavə protokolun qəbulundan gedir. Təklif olunan sənəddə erkən uşaqlıq dövründə qayğı və təhsilin təhsil hüququnun tərkib hissəsi kimi tanınması, dövlət tərəfindən ən azı birillik pulsuz məktəbəqədər və orta təhsilin təmin edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı ilk rəsmi görüş 2025-ci ildə keçirilib və dövlətlər növbəti mərhələ üçün əsas prinsiplərin hazırlanması barədə razılığa gəliblər. Avqustun 31-dən sentyabrın 2-dək Cenevrədə keçirilən ikinci sessiyada isə proses davam etdirilib.

Müzakirələrdə dünyanın müxtəlif regionlarından seçilmiş 5 uşaq nümayəndə də iştirak edib. Onlar 8100-dən çox uşağın fikirlərini və regional məsləhətləşmələrin nəticələrini danışıqlara çatdırıblar. Bu, BMT tarixində uşaqların insan hüquqları ilə bağlı müqavilənin formalaşdırılmasında birbaşa iştirak etdiyi ilk hal olduğu bildirilib.

Sənədi açıq şəkildə dəstəkləyən ölkələrin sayı 62-yə çatıb. Azərbaycanla yanaşı, Ermənistan, Baham adaları, Bolqarıstan, Çili, Kuba, Kipr, Ekvador, Gürcüstan, Peru, Cənubi Afrika, Qambiya və Uruqvay da beynəlxalq hüquqi sənədin hazırlanması istiqamətində irəliləməni dəstəkləyib.

Müzakirələrdə erkən uşaqlıq dövründə qayğı və təhsil anlayışının əhatə dairəsi də müzakirə olunub. UNESCO və UNICEF-in 2024-cü il birgə hesabatında beynəlxalq hüququn erkən uşaqlıq dövründə qayğı və təhsil hüququnu açıq şəkildə təmin etmədiyi qeyd olunub və dövlətlərin öhdəliklərini dəqiqləşdirən yeni hüquqi çərçivənin yaradılması tövsiyə edilib.

Sənədin tərəfdarları pulsuz orta təhsilin, xüsusilə qızların təhsildə qalmasının uşaq nikahlarının azaldılması baxımından əhəmiyyətini vurğulayıblar. Əlilliyi olan uşaqların da təhsildə bərabər iştirakını təmin etmək üçün pulsuz təhsilin yalnız təhsil haqqını deyil, zəruri əlavə dəstək və uyğunlaşdırmaları da əhatə etməsinin vacibliyi bildirilib.

Müzakirələrdə uşaqların üzləşdiyi dolayı xərclərə də diqqət çəkilib. Uşaq nümayəndələri nəqliyyat, məktəbli forması, dərslik və ləvazimatların da ailələr üçün əhəmiyyətli xərc yaratdığını qeyd ediblər.

Növbəti rəsmi görüşün 2027-ci ilin oktyabrında keçirilməsi planlaşdırılır. Həmin vaxta qədər qeyri-rəsmi məsləhətləşmələrin aparılması barədə razılıq əldə olunub. Müzakirələrin əsas məqsədi sənədin hazırlanmasına keçməzdən əvvəl qalan hüquqi və praktiki məsələlər üzrə ortaq mövqeyin formalaşdırılmasıdır.