BMU-da dərs deyən koreyalı müəllimlərlə görüş keçirilib

20 İyul, 2026 - 11:52
BMU-da dərs deyən koreyalı müəllimlərlə görüş keçirilib

Bakı Mühəndislik Universitetində Cənubi Koreyanın İNHA Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təşkil olunan yay məktəbində dərs deyən koreyalı professor-müəllim heyəti ilə görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov ikili diplom proqramının yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, proqram tələbələrə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına da töhfə verir. Proqram üzrə təhsil alan tələbələr üçün hər il təşkil edilən yay məktəbinin onların nəzəri biliklərinin möhkəmləndirilməsi və beynəlxalq akademik mühitlə yaxından tanış olmaları baxımından mühüm əhəmiyyət daşıdığını deyən Həmzağa Orucov BMU-nun rektoru adından proqramın uğurlu icrasına verdikləri töhfəyə görə İNHA Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlığını çatdırıb.

Görüş zamanı yay məktəbində tədris aparan 13 nəfərlik professor-müəllim heyəti ilə geniş fikir mübadiləsi olub. Müəllimlər tədris etdikləri fənlər, dərslərin gedişi, tələbələrin hazırlıq səviyyəsi barədə fikirlərini dilə gətirərək, yay məktəbi üçün yaradılmış əlverişli şəraitə görə minnətdarlıqlarını ifadə ediblər. Müəllimlər tələbələrin yüksək motivasiyasını, öyrənməyə həvəsini və akademik potensialını önə çəkərək onların analitik düşünmə, praktiki tapşırıqları yerinə yetirmə və komanda şəklində işləmək bacarıqlarını yüksək qiymətləndiriblər.

Sonda İNHA Universitetinin professor-müəllim heyətinə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, koreyalı professor-müəllim heyəti 3 həftəlik yay məktəbi çərçivəsində 2023-cü il qəbul qrupu üzrə “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “İnşaat mühəndisliyi”, 2025-ci il qəbul qrupu üzrə isə “Kompüter elmləri (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “Elektrik və elektronika mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarında təhsil alan tələbələrə müxtəlif ixtisas fənlərini tədris edir.

BMU-da dərs deyən koreyalı müəllimlərlə görüş keçirilib
BMU-da dərs deyən koreyalı müəllimlərlə görüş keçirilib
BMU-da dərs deyən koreyalı müəllimlərlə görüş keçirilib