BMU əməkdaşlarının "Scopus" indeksli məqalələrinin sayı iki dəfə artıb

23 Yanvar, 2026 - 19:03
BMU əməkdaşlarının "Scopus" indeksli məqalələrinin sayı iki dəfə artıb

Bakı Mühəndislik Universitetində (BMU) 2025-ci ildə "Scopus" indeksli elmi məqalələrin sayı 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, statistik göstəricilər son illər universitetin elmi fəaliyyətində həm keyfiyyət, həm də kəmiyyət baxımından davamlı inkişaf dinamikasını özündə əks etdirir. Aparılan müqayisəli təhlilin nəticələrinə əsasən, "Scopus" elmmetrik bazasında bütün kateqoriyalar üzrə müsbət artım müşahidə olunub. 

BMU alimlərinin Q1 kateqoriyasında məqalələrinin sayı 147,6%, Q2 kateqoriyasında 95,2%, Q3 kateqoriyasında 45,5%, Q4 kateqoriyasında isə 115,8% artıb.

Ümumilikdə, BMU üzrə "Scopus" indeksli məqalələrin sayı bir il ərzində 100%-dən çox artaraq iki dəfədən çox yüksəlib. 

Bu göstəricilər və əldə olunan mühüm nailiyyət BMU-da elmi-tədqiqat mühitinin davamlı inkişafını sübut etməklə yanaşı, akademik potensialın gücləndirilməsi və beynəlxalq elmi məkanla inteqrasiyanın prioritet istiqamət kimi müəyyən edildiyini təsdiqləyir. BMU alimlərinin elmi nəticələrinin xüsusilə yüksək impakt-faktorlu jurnallarda uğurla təqdim edilməsi universitetin beynəlxalq elmi indekslərdə mövqeyinin möhkəmlənməsinə və elmi nüfuzunun yüksəlməsinə əhəmiyyətli töhfə verib.

Aparılan təhlillər əsasında Q1 və Q2 kateqoriyalı jurnallarda ən çox məqaləsi dərc olunan məhsuldar müəlliflər sırasında professor Ağası Məlikov (Riyaziyyat və kompüter elmləri), professor İslam İslamov (Avtomatika, telekommunikasiya və energetika), professor Rakib Əfəndiyev (Riyaziyyat və kompüter elmləri), dosent Namiq Şıxaliyev (Kimya mühəndisliyi), dosent Şəhriyar Muxtarov (Elmi-Tədqiqat Mərkəzi) və dosent Rəvan Rəhimov (Qida və biotexnologiya) yer alır. Bu müəlliflərin elmi nəşrləri əsasən yüksək impakt göstəricilərə malik jurnallarda dərc olunub və universitetin ümumi elmi-statistik göstəricilərinin yaxşılaşmasında mühüm rol oynayıb. 

BMU əməkdaşlarının səmərəli elmi fəaliyyəti bütövlükdə universitetin "Scopus" bazasında təmsil olunma səviyyəsinin yüksəlməsinə, elmi potensialının daha da güclənməsinə önəmli təsir göstərib. Bu müsbət nəticə universitetin elmi sahədə qazandığı ardıcıl uğurların və beynəlxalq elmi mühitdə mövqeyinin möhkəmləndiyini nümayiş etdirir.