BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir

7 Oktyabr, 2026 - 11:27
BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir

Bakı Mühəndislik Universiteti (BMU) ilə Özbəkistanın “Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu” Milli Tədqiqat Universiteti (TIIAME) arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə 2025-ci ilin noyabrında Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” çərçivəsində iki universitet arasında əməkdaşlığa dair memorandumun imzalanması diqqətə çatdırılıb. Memorandumdan irəli gələn öhdəliklər çərçivəsində akademik və elmi-tədqiqat sahələrində birgə fəaliyyətin təşviqi, professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, elmi nəşrlərin paylaşılması, təhsil proqramları və müxtəlif layihələrin birgə reallaşdırılması məsələləri nəzərdən keçirilib. 

Müzakirələr zamanı BMU və TIIAME arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran yeni layihələrin müəyyənləşdirilməsi və gələcək birgə təşəbbüslərin reallaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın davamlı inkişafının hər iki universitetin elmi və akademik potensialından daha səmərəli istifadəyə, yeni birgə təşəbbüslərin həyata keçirilməsinə və Azərbaycan-Özbəkistan arasında ali təhsil əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini bildiriblər.

Milli Tədqiqat Universiteti statusuna malik TIIAME zəngin akademik ənənələri və geniş elmi-tədqiqat imkanları ilə seçilir. Universitetin su təsərrüfatı, kənd təsərrüfatı, iqlim və davamlı inkişafla yanaşı, informasiya texnologiyaları, data elmləri və süni intellekt üzrə də fəaliyyətini genişləndirməsi BMU ilə müxtəlif istiqamətlərdə birgə elmi və akademik layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir
BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir