Somali səfiri ADNSU-da olub
Noyabrın 4-də Somali Federativ Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidoun Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
"Azərbaycan müəllimi" xəbər verir ki ,görüşdə səfiri Somali Səfirliyinin birinci katibi Shafi I Mohamud Nageye və səfirliyin əməkdaşı Xəyalə Cəfərli müşayiət ediblər. ADNSU-nu görüşdə universitetin rektoru dosent Rüfət Əzizov, beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Həbibə Nəzirova və Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva təmsil ediblər.
Görüş zamanı ADNSU-da təhsil alan Somali vətəndaşı olan tələbələrin cari vəziyyəti, onların təhsil prosesinin dəstəklənməsi, eləcə də ADNSU ilə Somali universitetləri arasında akademik əlaqələrin qurulması məsələləri müzakirə olunub. Tərəflər universitetlər arası əməkdaşlığın inkişafı, ADNSU-nun təcrübəsinin paylaşılması, akademik və elmi-tədqiqat mübadiləsinin təşkili istiqamətində fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ADNSU Azərbaycan ali təhsil müəssisələri arasında Somali vətəndaşlarının ən çox təhsil almaq üçün seçdiyi universitetlərdən biridir. Universitet, həmçinin Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində çoxsaylı beynəlxalq tələbələri qəbul edir.
Səfir ADNSU-nun Somali vətəndaşları arasında təhsil üçün ən çox üstünlük verilən universitetlərdən biri olmasını xüsusi vurğulayaraq, universitetlə əməkdaşlığın onun üçün əhəmiyyətini qeyd edib.
Səfər çərçivəsində qonaqlar ADNSU-nun müasir laboratoriya infrastrukturu və tarixi muzeyləri ilə tanış olublar. Universitetin tədris və elmi-tədqiqat imkanları barədə onlara ətraflı məlumat verilib.




