BMU kampusunda velosiped infrastrukturu istifadəyə verilib

19 Dekabr, 2025 - 16:46
BMU kampusunda velosiped infrastrukturu istifadəyə verilib

Bakı Mühəndislik Universitetinin (BMU) kampusunda sağlam həyat tərzinin təşviqi, ekoloji nəqliyyat vasitələrinin istifadəsinin artırılması məqsədilə velosiped zolaqları və müvafiq dayanacaqlar yaradılıb. Eyni zamanda kampus ərazisində “Apar Ride” MMC tərəfindən istifadəyə verilən velosipedlər tələbə və əməkdaşların ixtiyarına təqdim olunub.

Universitetdən "Azərbaycan müəllimi"nı bildirilib ki, bu münasibətlə keçirilən açılış tədbirində BMU-nun rəhbərliyi, müəllim, əməkdaş və tələbə heyəti, həmçinin “Apar Ride” MMC-nin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitet ərazisində piyada və velosiped yolları ayrılmasını ali məktəbin “Yaşıl kampus” konsepsiyasına, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü (Sağlam həyat və rifah) və 13-cü (İqlim dəyişikliyinə qarşı mübarizə) istiqamətlərinə uyğun olaraq həyata keçirildiyini bildirib. Rektor ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliğ edilməsi zərurəti ilə əlaqədar mikromobillik vasitələri üçün müvafiq infrastrukturun yaradılması və velosipedlərdən istifadənin əlçatanlığının təmin edilməsinə dair layihənin sosial əhəmiyyətini vurğulayıb. Əlavə olunub ki, rahat, sərfəli, sağlam həyat tərzini təşviq edən mikromobil nəqliyyat vasitəsi dünyada geniş yayılıb və ekoloji məsələlərin qlobal miqyasda aktuallıq qazanması fonunda velosiped mədəniyyətinin formalaşdırılması ölkəmizdə də xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Bu istiqamətdə görülən işlərə toxunan Yaqub Piriyev universitetdə tədris korpusları arasında rahat və təhlükəsiz hərəkət üçün yolların asfaltlandığını, bunun velosiped, eləcə də digər mikromobil nəqliyyat vasitələrindən istifadə üçün də əlverişli şərait yaratdığını qeyd edib. Rektor BMU-da ekoloji təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini, mikromobil vasitələrdən istifadənin genişləndiriləcəyini diqqətə çatdırıb.

“Apar Ride” MMC-nin direktoru Əli Əhmədli çıxış edərək şirkət tərəfindən paytaxtda mikromobil nəqliyyat vasitələrindən istifadə üçün görülən işlərə diqqət çəkib və BMU-da həyata keçirilən bu kimi layihələrin velosiped mədəniyyətinin formalaşmasına, eləcə də ekoloji təşəbbüslərin təşviqinə mühüm töhfə verdiyini deyib.