BMU və Çin universitetinin birgə mühəndislik fakültəsinə qəbul başlayır
2026-2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində (BMU) fəaliyyət göstərəcək PKTU-BMU Mühəndislik fakültəsinə ilk dəfə tələbə qəbulu həyata keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, BMU ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiyaları Universitetinin (PKTU) birgə təsis etdiyi fakültə abituriyentlərə beynəlxalq standartlara uyğun mühəndislik təhsili və ikili diplom proqramında iştirak imkanı təqdim edəcək.
Fakültədə kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə təhsil veriləcək. Tədris proqramları beynəlxalq mühəndislik təhsili standartlarına uyğun hazırlanıb və tələbələrin müasir elmi biliklərə, peşə kompetensiyalarına, həmçinin beynəlxalq akademik mühitdə fəaliyyət göstərmək üçün zəruri bacarıqlar qazanmalarına imkan yaradacaq.
2026-cı il üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlər ixtisas seçimi (kodlaşdırma) mərhələsində PKTU-BMU Mühəndislik fakültəsində tədris ediləcək ixtisasları seçərək bu proqrama qəbul ola bilərlər.
İkili diplom proqramı 3+1 modeli əsasında həyata keçiriləcək. Bu modelə uyğun olaraq, tələbələr təhsilin ilk üç ilini BMU-da, sonuncu ilini isə PKTU-da davam etdirəcəklər. Proqramın tələblərini uğurla yerinə yetirən məzunlara həm BMU-nun, həm də PKTU-nun diplomu təqdim olunacaq.
Tədris prosesi hər iki universitetin yüksək ixtisaslı professor-müəllim heyətinin iştirakı ilə təşkil ediləcək. Bu əməkdaşlıq tələbələrə beynəlxalq təcrübədən faydalanmaq, müasir tədris metodları ilə tanış olmaq və müxtəlif akademik yanaşmaları mənimsəmək imkanı verəcək.
Fakültə çərçivəsində tələbələrin beynəlxalq elmi-tədqiqat layihələrinə cəlb olunması, akademik mobillik proqramlarında iştirakı, eləcə də innovasiya, qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişafı dəstəklənəcək. Bununla yanaşı, elmi-tədqiqat, innovasiya və texnologiya transferi istiqamətlərində universitetlərarası əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Beynəlxalq səviyyədə tanınan mühəndislik təhsili almaq, ikili diplom əldə etmək və qlobal karyera imkanlarından yararlanmaq istəyən abituriyentlər üçün PKTU-BMU Mühəndislik fakültəsi yeni və perspektivli seçimdir. Fakültə ilə bağlı hər hansı sualınız yaranarsa, aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz:
Telefon: +994 50 454 34 84; +994 12 349 99 66 (daxili: 1341)




