BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub

10 Aprel, 2026 - 19:27
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat səviyyəsində 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatlarının təqdimetmə mərasimi keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin direktoru Alina Jumaqulova, agentliyin məsləhətçisi Olqa Yanovskaya, həmçinin BMU-nun rəhbər heyəti iştirak ediblər. 

BMU-nun rektoru Yaqub Piriyev çıxışında “İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Kimya mühəndisliyi”, “Mexanika mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının nüfuzlu beynəlxalq akkreditasiya qurumu-IAAR (Independent Agency for Accreditation and Rating) tərəfindən akkreditasiyadan keçməsinin universitet üçün mühüm nailiyyət olduğunu vurğulayıb. Bildirib ki, bu hadisə BMU tarixində ilk olmaqla yanaşı, ali təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılmış ciddi addımdır. Rektor çıxışında beynəlxalq akkreditasiyanın təhsil və elmi fəaliyyətin qlobal tələblərə uyğunluğunun təmin olunması, tələbə və məzunların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, o cümlədən davamlı inkişaf və tədris keyfiyyətinin sistemli şəkildə yüksəldilməsi baxımından önəmindən danışıb. Həmçinin universitetin strateji istiqamətləri və elmi-tədqiqat fəaliyyəti barədə də məlumat verib. Beynəlmiləlləşmənin universitetin əsas strateji hədəfləri sırasında yer aldığını fikirlərinə əlavə edən rektor digər ixtisaslar üzrə akkreditasiyanın əldə olunması istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb, gələcək əməkdaşlıq istiqamətlərinə toxunub.

Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin direktoru Alina Jumaqulova BMU rəhbərliyini əldə olunan uğur münasibətilə təbrik edərək bildirib ki, akkreditasiya ali təhsil proqramları üçün beynəlxalq təcrübədə ən yüksək göstəricilərdən sayılan 5 illik müddətə verilib. O, akkreditasiyanın ali təhsil müəssisələri üçün əhəmiyyətindən danışaraq, agentliyin fəaliyyət sahələrini, habelə BMU ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. 

Agentliyin məsləhətçisi Olqa Yanovskaya isə çıxışında BMU-nun davamlı inkişaf potensialını vurğulayıb, əməkdaşlığın gələcək istiqmətlərinə diqqət çəkib. Eyni zamanda akkreditasiyanın qlobal əhəmiyyətinə toxunaraq bunun yalnız keyfiyyət göstəricisi deyil, həm də beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət göstərən strateji mexanizm kimi çıxış etdiyini deyib. 

Tədbirdə nəzərə çatdırılıb ki, ali təhsildə keyfiyyət təminatı sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq akkreditasiya agentliyi olan IAAR Avropa Ali Təhsil Keyfiyyətinin Təminatı Assosiasiyası (ENQA) tərəfindən tanınır  və Avropa Ali Təhsil Keyfiyyət Təminatı Reyestrində  (EQAR) qeydiyyatdadır.  Agentlik müxtəlif ölkələrin ali təhsil müəssisələrinin təhsil proqramlarının akkreditasiyasını həyata keçirir və onun verdiyi qərarlar ali təhsilin şəffaflığı, hesabatlılığı,  həmçinin keyfiyyətinin artırılmasına xidmət göstərir.
Sonda IAAR akkreditasiya sertifikatları BMU rektoruna təqdim olunub.

BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub