Böyük maarifçi və ədib Məhəmməd Tağı Sidqinin pedaqoji fəaliyyəti
Görkəmli maarifçi, böyük müəllim, şair, filosof, publisist və tanınmış yaradıcı şəxsiyyət Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutan Məhəmməd Tağı Sidqi bütün Azərbaycanda pedaqoji fəaliyyəti ilə öz imzasını tarixə yazıb. Onun elmi-pedaqoji, publisist, ədəbi fəlsəfi etik əsərləri hələ sağlığında ona böyük şöhrət qazandırmışdır. Məhəmməd Tağı Sidqinin çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində xüsusi iz qoyub və maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində yeni mərhələ təşkil edir. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı güvvələrin isə ustadı və sələfidir. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, həmdə Məhəmməd Tağının adı ilə bağlıdır.
Məhəmməd Tağı Sidqi 1854-cü il Ordubad şəhərində anadan olmuşdur. İbtidai təhsilini Ordubad şəhərində, ruhani məktəbində almışdır. Gənc yaşlarında valideynsiz qalan Sidqi Xorasana köçür, uzun müddət Hisapur, Səbzvar şəhərində işləyir və şair Nəbatinin rəhbərliyi ilə öz təhsilini davam etdirir. Daha sonra Şah Hüseyn Soltan mədrəsəsində oxuyan Sidqi bilik məlumatlarını bir qədər də təkminləşdirmişdir. Gənclik illərində qısa müddət Cənubi Azərbaycanda yaşamış, burada təhsilini dərinləşdirməklə yanaşı, ordubadlı tacirlərin yanında ticarətlə də məşğul olmuşdur. Təxminən 1885-ci ildə İrandan Ordubada qayıtmışdır. 10 ilə yaxın bu şəhərdə yaşamış, marifçilik və bədii yaradıcılıqla məşğul olmuşdur. O, ailəsini dolandırmaq üçün açdığı çayxana yerli ziyalıların əsas ictimai müzakirə meydanına çevrilmişdir.
1892-ci ildə açıqfikirli, rus və Avropa mədəniyyətinə dərin maraq göstərən Hüseyn Sultan Kənqərlinski ilə birlikdə Ordubad şəhərində açdığı “Əxtər” adlı yeni üsullu məktəblə Məhəmməd Tağı Sidqi pedaqoji fəaliyyətə başlamışdır. Şəriət fənlər ilə yanaşı ana dili, hesab, coğrafiya dərsləri milli dildə tədris olunurdu, məktəbdəki səmərəli məktəbdarlıq fəaliyyəti onu daha da tanıtmışdır. ”Əxtər” məktəbinin şagirdi M.S.Ordubadi həmin tədris müəssəsini "gələcək üçün üsuli-cədid müəllimləri hazırlayan" ciddi təhsil ocağı kimi dəyərləndirmişdir.
Təcrübəli müəllimin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmişdir. O, 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunub “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. “Məktəbi-tərbiyə”də dünyəvi elmlərin tədrisinə ciddi fikir verilmiş, rus dili və ədəbiyyatıda öyrədilmiş, tərcümə dərsləri təşkil olunmuşdur. “Tərbiyə” məktəbi azərbaycan məktəbi tarixində ilk milli məktəblərdən biridir. Məsələnin bu cəhədi vaxtilə Cəlil Məmmədquluzadənin diqqətini cəlb etmiş və o, “Tərbiyə” məktəbindən bəhs edərkən “Naxçıvan şəhərində həmim məktəbi Həzrəti-Sidqi təsis edən zaman, belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi” qənaətinə gəlmişdir. Məhəmməd Tağı Sidqinin səyi nəticəsində az vaxtda “Tərbiyə” məktəbi ədəbi-mədəni fikrin əsas mərkəzlərindən birinə çevrilmişdir. Mollaxana və mədrəsələrdə tədris azərbaycanlı uşaqlara yad olan fars və ərəb dillərində “Tərbiyə məktəbində” isə doğma ana dilində aparılırdı. Mollaxanalarda uşaqlar ağır fiziki cəza verilirdi onlar həsir üstündə oturub “dərs” oxuyurdular. "Tərbiyə məktəbində" şagirdlər skamyalarda otururdular, sinif dərs sistemi tətbiq edilirdi. Məktəbdə eyni zamanda rəğbətləndirmə üsulundan da geniş istifadə olunurdu. Məsələn, hər sinifdə hər gün dərslərini yaxşı oxuyan, səy və çalışqanlığı ilə seçilən şagirdə “Təşəkkürnamə” verilir, sabah isə həmin uşaq başqalarına nümunə göstərilirdi. “Tərbiyə məktəbində” dərs ilinin axırında keçirilən imtahanlarda dərin biliyə və nümünəvi əxlaqa görə şagirdlər “fərqlənmə vərəqi” alırdılar. “Tərbiyə məktəbi” belə məktəb idi. “Tərbiyə məktəbi” özünün romantik şair Hüseyn Cavid, məşhur ədəbiyyatşünas alim Əziz Şərif, görkəmli rejissor və aktyor Rza Təhmasib, molla nəsrəddinçi şair Əliqulu Qəmküsar, yazıçı-publisistlər Ələkbər Qərib, Əlirza Rəsizadə və başqaları kimi yetirmələri ilə Azərbaycan ədəbi-elmi və ictimai-pedaqoji fikrinin tarixində şərəfli yer tutur. M.F.Axundov, H.Zərdabi və o dövrün başqa maarifçiləri təhsilin ana dilində olması uğrunda mübarizə aparır, həm də əməlli şəkildə həyata keçirirdilər. M.T.Sidqi də öz sələflərinin yolu ilə gedərək, təlimin ana dilində aparılmasına xüsusi əhəmiyyət vermişdir. Sidqi qizların təhsil və tərbiyə almasını, elmli və yüksək əxlaqlı olmasını zəruri bilirdi. O, 1896-cı ildə Naxçıvanda birinci “Qız məktəbi”ni açır. Qızların təhsili və tərbiyəsi məsələlərini M.T.Sidqi “Qızlara hədiyyə” dərsliyində irəli sürmüşdür. Sidqi insan şəxsiyyətinin formalaşmasında, bütün mənəvi keyfiyyətlərin qazanılmasında ictimai mühütin, tərbiyənin həlledici rolunu qeyd edir. İnsan şəxsiyyətinin formalaşmasında əsas amillərdən biri də məktəbdir. Məktəbdə qabaqcıl ziyalıların iştirakı və təşəbbüsü ilə ədəbi müsabiqələr, müzakirə və yubiley gecələri təşkil olunmuşdur. Buna görədir ki, böyük demokrat ədib Cəlil Məmmədquluzadə “Tərbiyə” məktəbini yeniyetmə müəllim və ədiblər üçün darülürfran”, yeni universitet kimi qiymətləndirmişdir. Hüseyn Cavid məktublarında bu məşhur məktəbin yaradıcısı Məhəmməd Tağı Sidqiyə “böyük ustad və cəlallı atamız” deyə müraciət etmişdir. Yeni maarifçi gəncliyin böyük bir nəsli “Tərbiyə” məktəbindən çıxmışdır. Görkəmli yazıçı, şair, alim, publisist, sənətşünas Hüseyn Cavid, Əziz Şərif, Rza Təhmasib, pedaqoq Əli Səbri Qasımov, Ələkbər Abbasov və başqaları kimi tanınmış simalar Məhəmməd Tağı Sidqi müəllimin məktəbinin təkcə məzunları yox, həm də ardıcılları idilər. Məhəmməd Tağı Sidqi tərəfindən 1901-ci ildə hazırlanmış “Məktəbi-Tərbiyə” şagirdlərinin “Fehrist dəftəri”ni oldugu kimi təqdim etməyi zəruri hesab edirəm.
Böyük pedaqoq Məhəmməd Tağı Sidqi Azərbaycan məktəbi və pedaqoji fikri tarixində ilk dəfə olaraq rəhbərlik etdiyi məktəbin daxili nizamnaməsini və nümunəvi hesabatlarını hazırlamışdır. Sidqi tərəfindən tərtib edilmiş “Məktəbli üçün yaddaş”, “Məktəbi-tərbiyə şagirdlərinin tapşırıqları” kimi əhəmiyyətli sənədlərdə ümumən məktəbin, müəllimin cəmiyyətdəki yeri və mövgeyi və vəzifələri, xüsusən yeni nəslin tərbiyələndirilməsinin əsas prinsipləri və vəzifələri öz əksini tapmışdır. Öz dövründə məktəb şagirdləri üçün nümunəvi qaydalar kimi ciddi marağa, böyük əks sədaya səbəb olan həmin yaddaş və tapşırıqlar indiki dövr üçün də əhəmiyyətlidir.
Pedaqoji fəaliyyətlə yanaşı publisistika ilə də məşqul olan M.T.Sidqi Baxçasarayda nəşr edilən “Tərcuman”, Kəlküttədə çıxan “Həblül-mətin”, Tehranda çap olunan “Əxtər”, Tiflisdə yayımlanan “Şərqi-Rus”, Bakıda fəaliyyət göstərən “Kaspi” qəzetləri ilə yaxından əlaqə saxlamış, həmin mətbuat orqanlarında məqalələrlə çıxış etmişdir. Onun “Qəzet, yainki qəzete nədir?”, “Təəssüf, yenə təəssüf” kimi məqalələri yeni dövr Azərbaycan publisistikasının dəyərli nümunələri sırasındadır.
Böyük müəllim və görkəmli pedaqoq kimi şöhrət qazanan Sidqi eyni zamanda tanınmış uşaq yazıçısıdır. Onun qələmindən çıxmış uşaq əsərlərində mövzu və ideyalar aydın və qabarıq şəkildə ifadə olunur. Sidqi uşaq ədəbiyyatının müxtəlif janrlarında maraqlı bədii nümunələr yaratmışdır.
Sidqi milli uşaq nəslinin də ilk nümunələri sayıla biləcək kiçik hekayələr yazmışdır. Lakin onun hekayələrindən elmi şəkildə söz açılmamışdır. Məhəmməd Tağı Sidqinin uşaqlar üçün hekayələri əsasən “Əxlaq nümunələri” və “Qızlara hədiyyə” dərsliklərində toplanmışdir. Maarifçi şair və yazıçı olmaqla yanaşı, Məhəmməd Tağı Sidqi həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünasdır. Bununla belə, onun fəaliyyətində ədəbi-fəlsəfi məsələlər də öz əksini tapmışdır.
M.T.Sidqinin əsərləri vətənindən kənarda da tanınırdı. Onun dərin maarifçilik biliyi bütün Yaxın və Orta Şərqi işıqlandırırdı. Ordubadda Sidqi (1885-ci ildə) öz ətrafında yerli ziyalıları bırləşdirərək ədəbi “Yazıçılar cəmiyyəti” yaradır və şeirlər yazmağa başlayır. Sidqi bütün həyatı boyu xalqın maariflənməsi uğrunda mübarizə aparıb və köhnə üsullara qarşı çıxış edib və yeni tipli məktəblərin açılması üçün səy göstərib. Nəinki Naxçıvanda, Azərbaycanın hər yerində, İranda, Cənubi Qafqazda və Krımda, hətta Misirdə və Hindistanda belə tanınmış, hörmət və nüfuz qazanmışdır.
M.T.Sidqi pedoqoji fikrin inkişafı tarixində öz əlyazması dərslikləri və sırf elmi-pedoqoji əsərləri ilə də böyük şöhrət qazanmışdır. Onun “Nümunəyi əxlaq”, “Coğrafiya risaləsi”, “Ərəb dilinin sərfi-nəhfi”, “Təhviri-əfkar” və s. məzmunlu əlyazma dərslikləri o dövrün müəllimləri arasında geniş yayılmış və dünyəvi məktəblərdə istifadə edilmişdir. Onun coğrafiya dərsləri müşahidə yolu ilə keçmək üçün təsis etdiyi sadə “meteoroloji stansiya” Sovet hakimiyyəti illərində təkmilləşdirilərək “Hava xidməti bürosuna çevrilmiş və xalqın istifadəsinə verilmişdir. Hazırda Naxçıvanda fəaliyyət göstərən həmin stansiya Sidqinin adı ilə bağlıdır. Sidqi publisistikasının ən mühüm problemlərindən biri də Azərbaycan dilinin saflığı uğrunda mübarizə məsələsidir. Onun fikrincə Azərbaycan dilinin təmizliyi, onun xüsusilə ərəb və fars tərkiblərinin təsirindən azad etmək uğrunda mübarizə yeni realist demokratik ədəbiyyatın inkişafında əsas amillərdən biridir.
Sidqi bəşəriyyətin tərəqqi və inkişafında əlifba və yazının çox mühüm rol oynadığını qeyd edir və özünün latın əlifbasına tərəfdar olduğunu bildirir. O latın əlifbası haqqında deyir ki, “Bu asan, əlverişli, sadə bir əlifbadır ki, hər növ tərəqqi üçün əsas vasitə, mədəniyyət evinin bünövrəsi, maarif xəzinəsinin açarı, elmləri və sənədləri öyrənmək üçün 1-ci silahdır.
M.T.Sidqinin əlifba haqqındakı fikirləri göstərir ki, o öz zamanında ərəb əlifbası ilə latın-rus əlifbasını əvəz etmək haqqda M.F.Axundov böyük ideyasına dərin rəgbət göstərmişdir.
Baxmayaraq ki, Məhəmməd Tağı Sidqi XIX əsrdə yaşayıb-yaradıb, onun o dövrdə olan maarifçi, pedoqoji ideyaları, bu gün də əhəmiyyətini itirməyib.
Sidqi 1904-cü ilin dekabr ayında Naxçıvanın Qarabağ kəndində ürək xəstəliyindən vəfat etmişdir. Görkəmli ziyalılardan C.Məmmədquluzadə, M.S.Ordubadi, H.Nəcəfzadə və başqaları o vaxt Azərbaycan dilində yeganə mətbuat orqanı olan “Şərqi-Rus” qəzetində Sidqinin vəfatına həsr olunmuş nekroloq, müxtəlif şeirlər, məqalə və məktublar dərc etdirmişlər. C.Məmmədquluzadənin “Vida sözündə” M.T.Sidqinin maarifçilik hərəkatındakı əvəzsiz xidmətləri ehtiramla yad olunmuş ədəbi portreti canlandırılmışdır.
Böyük ədib və ictimai xadim M.T.Sidqi maarifçi ideyaları və əsərləri ilə, meydana çıxardığı işıqlı ideyalarla, əsərlərinin və ideyalarının müasirlik imkanları ilə yaşayır və müstəqillik dövrü Azərbaycanın yeni maarifçilik hərəkatına uşaq ədəbiyyatının, maarifçi şeirin inkişafına xidmət edir.
Jalə Sadıqova,
Xalq Təhsili Muzeyinin Ekspozisiya şöbəsinin böyük elmi işçisi



