“Böyük qələbələrin təməli məhz məktəb zallarında qoyulur” – İdmançı müəllim

19 İyun, 2026 - 11:23
“Böyük qələbələrin təməli məhz məktəb zallarında qoyulur”

Qalibiyyət hissi, komanda ruhu, sağlam rəqabət və aktiv həyat tərzi…  Ölkədə ilk dəfə təşkil olunacaq Məktəblilərin Respublika İdman Olimpiadasına cəmi bir gün qalıb. Sabah start götürəcək olimpiadaya sayılı saatlar var. 

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ilk dəfə keçiriləcək olimpiada məktəblilərə öz bacarıqlarını nümayiş etdirmək, yeni dostluqlar qurmaq və sağlam rəqabət mühitində mübarizə aparmaq imkanı yaradacaq. 

Bəs belə yarışlar şagirdlərin fiziki və psixoloji inkişafına necə təsir göstərir? Məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında idmanın rolu nədən ibarətdir? 

“İdman təkcə fiziki gücü deyil, həm də daxili iradəni formalaşdırır”

Bakı şəhəri 242 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi, “Fiziki tərbiyə fənninin tədrisi metodikası”, “TOPs təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi üzrə təlimçi Asəf Mehdiyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bu miqyasda yarışların təşkili idmana kütləvi maraq oyatmaqla yanaşı, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasında və fiziki hazırlığının yüksəldilməsində əvəzsiz rol oynayır: 
“Məktəblilərin Respublika İdman Olimpiadası ölkəmizin təhsil və idman tarixində xüsusi çəkiyə malik mühüm hadisədir. Xüsusilə müasir dövrün qlobal problemlərindən olan oturaq həyat tərzi və rəqəmsal asılılığın qarşısının alınmasında bu cür kütləvi tədbirlər mükəmməl stimul rolunu oynayır, və bir müəllim kimi alqışlayıram. Olimpiadanın proqramına 12 idman növünün daxil edilməsi uşaqlara geniş seçim imkanı tanımaqla bərabər, yerli idman federasiyaları üçün də gələcəyin çempionlarını seçmək imkanı yaradır. Çünki idman təkcə fiziki gücü deyil, həm də daxili iradəni formalaşdırır”.

Müəllim qeyd edib ki, idman sahəsi sosial baxımından məktəblilər üçün ən effektiv inteqrasiya platformasıdır: 
“Respublikanın fərqli bölgələrindən gələn 2000-dən çox şagirdin vahid mühitdə birləşməsi yeni dostluqların qurulmasına, rəqibə hörmət hissinin aşılanmasına və dürüst mübarizə prinsiplərinin mənimsənilməsinə xidmət edir. Bu keyfiyyətlər isə uşaqların gələcəkdə cəmiyyətə sağlam və faydalı fərdlər kimi inteqrasiyasını təmin edən fundamental faktorlardır”.

“Müntəzəm məşq edən uşaq küçənin mənfi təsirindən uzaq, intizamlı və sağlam yaşıdlarının olduğu bir mühitdə böyüyür”

Asəf müəllimin fikrincə, erkən yaşlarda idmanla məşğul olmaq uşağın gələcək həyat modelinin bünövrəsidir: “Bir fiziki tərbiyə müəllimi və pedaqoq kimi bu prosesin əhəmiyyətini bir neçə fundamental faktorla izah edə bilərəm. İlk növbədə, bu, fiziki təməldir. Müasir dövrün ən böyük bəlaları olan oturaq həyat tərzinin, piylənmənin və rəqəmsal asılılığın qarşısını almaq üçün idman ən mükəmməl təbii stimuldur. Məhz bu yaşlarda qazanılan hərəkət vərdişləri güclü immunitetin və sağlam bədən quruluşunun əsasını qoyur. İdmanın uşaqları zərərli vərdişlərdən necə qorumasına gəlincə, burada əsas məsələ mühitdir. Müntəzəm məşq edən uşaq küçənin mənfi təsirindən uzaq, intizamlı və sağlam yaşıdlarının olduğu bir mühitdə böyüyür. Belə olanda şagird özü dərk edir ki, hər hansı bir zərərli vərdiş onun gələcək uğurlarına, idmandakı nailiyyətlərinə ciddi maneə olacaq. Bax bu şüur, bu sağlam düşüncə onlara gələcəkdə hər hansı mənfi təklifə asanlıqla və qətiyyətlə "yox" demək iradəsi qazandırır”.

Müsahibimiz belə olimpiadaların ümumtəhsil məktəblərində oxuyan, amma idman məktəblərinə getməyən şagirdlər arasında keçirilməsini də tövsiyə edib: “Bəzən elə şagirdlərimiz olur ki, heç bir xüsusi idman məktəbinə getmirlər, lakin daxilən çox istedadlı və potensiallıdırlar. Bax məhz belə gizli istedadları kəşf edib üzə çıxarmaq, hesab edirəm ki, idmanımızın gələcəyi üçün ən doğru və məqsədəuyğun addım olardı”.

“Məktəblərdə idmanı nə qədər inkişaf etdirsək, gələcəkdə bir o qədər sağlam cəmiyyət görəcəyik”

O qeyd edib ki, məktəbdə keçirilən fiziki tərbiyə dərsləri nə qədər keyfiyyətli olarsa, yerli federasiyalar üçün gələcəyin çempionlarını kəşf etmək bir o qədər asanlaşar: “Çünki böyük qələbələrin təməli məhz məktəb zallarında qoyulur. Məktəb illərində idmanı sevən uşaq böyüyəndə də onu həyatının ayrılmaz bir hissəsi hesab edir. Unutmayaq ki, idman təkcə bədəni yox, həm də şagirdlərin xarakterini düzgün formalaşdırır. İdmanla böyüyən gənclik nizam-intizama, qaydalara riayət etməyi öyrənir, vətənpərvər ruhda tərbiyə olunur. Bu isə cəmiyyətimizə sağlam təfəkkürlü, iradəli fərdlər qazandırır. Biz bu gün məktəblərdə idmanı nə qədər inkişaf etdirsək, gələcəkdə bir o qədər güclü, fiziki və mənəvi cəhətdən sağlam bir cəmiyyət görəcəyik”, – deyə fikrini yekunlaşdırıb.