Britaniya rəqəmsal bacarıqlar üzrə yeni standartlar qəbul edib
Böyük Britaniyanın Təhsil Nazirliyi böyüklər üçün nəzərdə tutulan 2026-cı il üçün "Əsas Rəqəmsal Bacarıqlar Standartları"nı (Essential Digital Skills Standards 2026) yeniləyib.
"Azərbaycan müəllimi" xəbər verir ki, standartlarda süni intellekt, rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması və onlayn məlumatların etibarlılığının qiymətləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
2019-cu ildən bəri ilk dəfə yenilənən standartlar rəqəmsal bacarıqların müasir texnologiyalara uyğunlaşdırılmasını nəzərdə tutur.
Yeni standartlarda əvvəlki beş əsas istiqamət saxlanılıb:
– cihazlardan istifadə və məlumatların idarə olunması;
– məzmunun yaradılması və redaktə edilməsi;
– ünsiyyət və əməkdaşlıq;
– rəqəmsal əməliyyatların aparılması;
– internetdə təhlükəsiz və qanunauyğun fəaliyyət.
Bununla yanaşı, proqramın məzmunu əhəmiyyətli dərəcədə genişləndirilib. Artıq tədrisdə süni intellekt alətlərindən istifadə, süni intellekt tərəfindən yaradılmış və ya saxtalaşdırılmış məzmunun tanınması, yanlış məlumatların müəyyənləşdirilməsi, rəqəmsal kimliyin və şəxsi məlumatların qorunması, eləcə də onlayn mənbələrin etibarlılığının qiymətləndirilməsi kimi bacarıqlara xüsusi yer ayrılır.
Nazirlik bildirir ki, yeni yanaşma rəqəmsal alətlərdən sadəcə istifadə etməyi deyil, onların təqdim etdiyi məlumatları tənqidi qiymətləndirməyi də öyrətməyə yönəlib.
Standartların əhatə dairəsi də genişləndirilib. Əvvəlki sistem yalnız iki səviyyəni əhatə etdiyi halda, yeni model beş səviyyədən ibarətdir. Buraya rəqəmsal bacarıqları olmayan şəxslər üçün "İlkin səviyyə 1" və "İlkin səviyyə 2", gündəlik istifadəçilər üçün "İlkin səviyyə 3" və "1-ci səviyyə", eləcə də iş mühitində müstəqil və tənqidi rəqəmsal bacarıqları nəzərdə tutan yeni "2-ci səviyyə" daxildir.
Yenilənmiş standartlar artıq qüvvəyə minib. Bununla belə, mövcud "Əsas rəqəmsal bacarıqlar üzrə kvalifikasiyalar" və "Rəqəmsal funksional bacarıqlar üzrə kvalifikasiyalar" hələlik dəyişmir. Təhsil Nazirliyi bildirib ki, standartlarla mövcud kvalifikasiyalar arasındakı uyğunluq barədə əlavə məlumat sonradan açıqlanacaq.
Bundan başqa, 1 avqust 2026-cı ildən etibarən rəqəmsal bacarıqlar üzrə bəzi fərdiləşdirilmiş təlim proqramları da yenilənəcək. İlkin səviyyə üzrə vahid təlim istiqaməti ləğv edilərək onun əvəzinə İ"lkin səviyyə 1", "İlkin səviyyə 2" və "İlkin səviyyə 3" ayrıca təlim istiqamətləri kimi tətbiq olunacaq. Bununla yanaşı, yeni 2-ci səviyyə üzrə təlim proqramı da istifadəyə veriləcək.
Təhsil Nazirliyi hesab edir ki, yenilənmiş standartlar vətəndaşların rəqəmsal savadlılığını, tənqidi düşünmə bacarıqlarını və süni intellekt texnologiyalarından təhlükəsiz istifadə imkanlarını gücləndirəcək.




