Britaniyada magistr təhsili aldı, paytaxtı deyil, regionu seçdi - Uğur yolu
“Azərbaycan müəllimi” “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alaraq ölkəyə qayıdan məzunlara həsr olunmuş silsilə yazılarını davam etdirir. “Regionlarda təhsilin inkişafı” mövzusunda növbəti müsahibimiz xaricdə təhsil alıb paytaxtda deyil, məhz regionda çalışaraq biliklərini bölgə gəncləri ilə bölüşən Dürrə Hacıyevadır. D.Hacıyevanın “Uğur hekayəsi”ni oxucularla paylaşırıq.
Tanıtım. Dürrə Hacıyeva Famil qızı 12 yanvar 1997-ci ildə Zaqatala rayonunun ucqar Kəpənəkçi kəndində doğulub. 2014-cü ildə şəhid Sərdar Kərimov adına Kəpənəkçi kənd tam orta məktəbini bitirib, elə həmin ildə yüksək balla Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisasına dövlət sifarişi əsasında qəbul olub. 2018-ci ildə ali məktəbdə təhsilini başa vuraraq 5 il əmək fəaliyyəti ilə məşğul olub. Daha sonra 2022-2024-cü illərdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarında dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Birtaniya və Şimali İrlandiya Krallığında “Təhsil tədqiqatları” ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsində çalışır.
– Xaricdə “Təhsil tədqiqatları” sahəsini seçməyiniz nə ilə əlaqədar idi?
– Bu ixtisası seçməyim bu sistemi anlamaq, sistemdəki boşluqların düzəldilməsinə töhfə verə bilmək və bu sahədəki müəyyən stereotipləri qırmaq istəyimdən irəli gəlirdi. Ümumiyyətlə, insanların reallaşdırılması çətin olduğunu düşündüyü şeyləri etmək həmişə mənim marağımı daha çox cəlb edib. Məni həmişə bu suallar düşündürüb: Niyə eyni ölkədə fərqli məktəblərdə oxuyan iki şagirdin gələcək imkanları bu qədər fərqlənir? Niyə bəzi istedadlar mühit səbəbilə itib gedir? Niyə stereotiplər – “region məktəbi zəifdir”, “qızlar yalnız bu sahədə təhsil ala bilər” kimi yanaşmalar hələ də qərarları formalaşdırır? Təhsil tədqiqatları ixtisası məhz bu sualların cavabını axtarmağa imkan verir. Bu sahə yalnız dərs metodikasını deyil, təhsildə liderliyi, təhsil müəssisələrinin inkişaf strategiyalarını, təhsil siyasətinin formalaşmasını və təhlilini, təhsilin qloballaşma prosesində rolunu, sosial ədalət və bərabər imkanlar prinsiplərini əhatə edir. Mən stereotiplərin təhsil vasitəsilə qırılmasına inanmışam. Mənə görə ən güclü dəyişiklik sinif otağında yox, strategiya masasının arxasında başlayır. Çünki bir qərar yüzlərlə müəllimə, minlərlə tələbəyə təsir edir.
Əlbəttə, bu təhsil mənə təkcə akademik bilik yox, bir çox bacarıqlar da qazandırıb. Məsələn, daha strateji düşünərək problemi yalnız səthdə deyil, struktur səviyyədə analiz etmək, tək bir layihə yox, davamlı mexanizm yaratmaq və təhsili statistik göstəricidən daha çox insan taleləri üzərindən dəyərləndirərək insan mərkəzli yanaşmaya istiqamətlənmək.
– Britaniyada təhsili başa vurub, paytaxtda deyil, regionda işləməyə qərar verdiniz. Bu nə ilə bağlı idi?
– Bu qərar mənim üçün təkcə karyera seçimi yox, həm də dəyər seçimi idi. Böyük Britaniyada oxuduğum müddətdə tez-tez belə bir sual verilirdi: “Sizə görə təhsildə ən böyük dəyişiklik harada baş verməlidir?”. Mənim cavabım demək olar ki, həmişə eyni idi - imkanın ən az olduğu yerdə. Mən o anda anlayırdım ki, bu sual mənim həm şəxsi hekayəmlə, həm də peşəkar təcrübəmlə üst-üstə düşür: Mən çox zəif infrastruktura və məhdud imkanlara malik ucqar kənd məktəbində təhsil almışam və universitetə elə buradan qəbul olmuşam. Şəraitsiz mühitdə oxumağın nə olduğunu çox yaxşı bilirəm. Bu səbəbdən region təhsilinə töhfə vermək mənim arzum olub. Hətta magistr dissertasiyamın mövzusunu da “Azərbaycanın uzaq regionlarında təhsilə əlçatanlıq” mövzusuna həsr etmişəm. Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatında çalışdığım dövrdə regionlarda və icmalarda inkişaf layihələrinin içində olmuşam və təcrübədən keçirmişəm ki, dayanıqlı inkişaf yalnız infrastruktur və ya iqtisadi layihələrlə məhdudlaşmır və bu inkişaf niyə regionlarda olmasın?
Britaniyada təhsilimi başa vurduqdan sonra paytaxtda qalmaq və daha komfortlu bir mühit seçmək, əlbəttə, mümkün idi. Regionda işləmək daha çətindir. İnfrastruktur problemləri və resurs çatışmazlığı var. Bəzən motivasiya aşağı olur. Amma məhz buna görə burada işləmək daha mənalıdır. Çünki burada görülən işin təsiri daha aydın görünür. Mən tələbələrlə mütəmadi ünsiyyətdə oluram və düşünürəm ki, bu gənclərin bir qismi paytaxta getmək imkanı olmayan, amma potensialı yüksək olan tələbələrdir. Əgər biz onlara burada keyfiyyətli təhsil və inkişaf mühiti yarada bilsək onların həyat trayektoriyasını dəyişə bilərik. Və bu məni həqiqətən xoşbəxt edir.
Regiona qayıtmaq mənim üçün bir növ borcun ödənilməsi idi. Mən bu torpaqlarda böyümüşəm. İndi isə burada təhsilin keyfiyyətini artırmaq üçün çalışmaq mənim üçün həm qürur, həm də motivasiya mənbəyidir.
– Bu qərarınız ailədə, yaxınlarınız arasında necə qarşılandı?
– Səmimi desəm, qərarım hər kəs üçün gözlənilən deyildi və hətta özüm üçün də. Bu qərar böyük cəsarət tələb edirdi: mən sosial çevrəmi, dostlarımı və bir çox şeyi paytaxtda qoyub regiona gedəcəkdim. Yaxın çevrəm düşünürdü ki, Böyük Britaniyada təhsil almış biri kimi paytaxtda və ya beynəlxalq qurumlarda işləmək daha məntiqli olar: Daha stabil, daha sosial və daha prestijli.
Onların narahatlığını anlayırdım. Çünki regionda işləmək həm daha çox məsuliyyət, həm də daha çox çətinlik deməkdir. Lakin çox keçmədən nəticələr görünməyə başladı. Kollecdə gedən müsbət dəyişikliklər, yeni layihələr, görülən işlərin geniş kütləyə çatması qərarımın düzgünlüyünün sübutu oldu. İndi onlar mənim regionda çalışmağımla fəxr edirlər. Elə mən də.
– Kollecdə əmək fəaliyyətinə başlayarkən “nədən başlamalı” kimi bir sualla qarşılaşdınızmı və nədən başladınız?
– Kollecə ilk dəfə rəhbər kimi daxil olduğum günü çox yaxşı xatırlayıram. Köhnə binalar, uzun müddət sistemli yanaşma görməmiş struktur. Fiziki infrastrukturun vəziyyəti açıq şəkildə zəif idi. Və qərar verdim ki, dəyişiklik paralel getməlidir: həm fiziki, həm də mədəni.
İlk mərhələdə 3 istiqamətdə analiz apardım:
1.Akademik vəziyyət – dərs planlaşdırması, imtahan nəticələri, tələbələrin dərsə hazırlıq səviyyəsi;
2.İntizam və daxili mühit – tələbələrin davamiyyəti, müəllim-tələbə münasibətləri, əməkdaş münasibətləri və məsuliyyət bölgüsü;
3.Motivasiya və institusional ruh – kollecdə “inkişaf edə bilərik” inamının olub-olmaması.
Çıxarılan nəticələrə əsasən, qısa zamanda imtahanlara və dərs planlarına yanaşmanı dəyişdik. Pedaqoji heyətlə birlikdə dərs planlarının nəticə əsaslı hazırlanmasını tətbiq etməyə başladıq. Sadəcə mövzunun keçirilməsi yox, “tələbə nə bacaracaq?” sualını əsas götürdük. Əlbəttə, inkişaf yalnız akademik nəticə deyil. Tələbələrin ünsiyyət bacarığı, sosial-emosional vəziyyəti, məsuliyyət hissi üzərində sistemli işə başladıq. Daxili intizam qaydaları yeniləndi. Bu dəyişiklik əvvəlcə çətin görünsə də, zamanla kollecdə daha sağlam mühit formalaşdırdı. Nəinki kollecdə, rayon səviyyəsində sosial tədbirlərin sayı artırıldı, tələbə yarmarkaları təşkil edildi. Məqsəd yalnız dərs deyil, özünüifadə və ictimai iştirak imkanları yaratmaq idi. Çünki motivasiya yalnız qiymətlə ölçülmür.
– Britaniyada təhsil dövründə aldığınız təcrübələrin region təhsilində tətbiqi barədə nə deyərdiniz?
– Britaniyada təhsil aldığım dövrdə öyrəndiyim əsas şeylərdən biri yeni bir sistemi tətbiq etməzdən əvvəl problemin harada olduğunu, səbəbin nə olduğunu və nəticəni necə ölçmək lazım olduğunu analiz etməkdir. Regiona qayıtdıqdan sonra innovativ yanaşmaları tətbiq etməyə çalışıram. Lakin tam şəkildə tətbiq etmək, əlbəttə, mümkün deyil. Çünki resurs, mühit və kontekst fərqlidir və hər kəs yeniliyə açıq olmur. Amma adaptasiya etmək mümkündür. Sistemin tələbəyönümlü təhsil sisteminə keçirilməsi artıq öz nəticəsini göstərməyə başlayıb və bu, tələbələrin sosial aktivliklərində, təşəbbüskarlıqlarında və dərsə hazırlıqlarında özünü göstərir. Hazırda kollecimizdə əsaslı təmir işləri aparılır, resurslar yenilənir. Bu əhəmiyyətli dəstək üçün dövlətimizə minnətdarıq. Bu dəstək bizim üçün böyük təməldir. Çünki yaxşı fiziki mühit insanın özünə olan münasibətini dəyişir. Bu gün kollecimizdə artıq əhəmiyyətli dərəcədə dəyişiklik hiss olunur: tələbələr daha çox sual verir, müəllimlər təşəbbüs göstərir. Təşəbbüs göstərdiyim “Bir müəllimin sirri” layihəsi ilə müəllim əməyini ön plana çıxarır, onların fəaliyyətini ictimailəşdiririk. Çünki sistemi dəyişmək üçün insanı dəyərləndirmək lazımdır.
Eyni zamanda, kollecin reputasiyasının gücləndirilməsi, tanınması və burada görülən işlərin daha geniş ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli addımlar atırıq. Ölkə səviyyəsində bir sıra reputasiyalı qurumlarla əməkdaşlığa başlamışıq, xarici təhsil müəssisələri ilə əməkdaşlıqlar isə yaxın zamanda gözlənilir. Sosial media hesablarımız yenilənib, kollecin ilk loqosu yaradılıb və ölkənin müxtəlif böyük auditoriyaya malik sosial media hesablarında görülən işlər işıqlandırılıb.
– Kollecin innovativ təhsil mühitinə çevrilməsi yolunda nə kimi təşəbbüsləriniz vardır? “Rəqəmsal Kollec” və “Smart Kollec” layihələri barədə nə deyərdiniz?
– Bizim məqsədimiz innovativ görünmək deyil, innovativ düşünə bilən nəsil formalaşdırmaqdır. Hazırda həyata keçirilən "Rəqəmsal Kollec" layihəsi bir neçə alt komponenti əhatə edir: onların bir qismi artıq tətbiq olunub, digərləri isə ardıcllıqla tətbiq olunacaqdır. İlk komponent olaraq "Rəqəmsal bacarıqlar" adlı ödənişsiz kurslara başlamışıq və payız semestri üçün artıq yekunlaşıb. Bu kursda tələbələrimiz həm həm kompüterdə lazımi proqramlarda çalışmağı, həm də müxtəlif süni intellekt alətlərində işləməyi öyrənir. Kursların sonunda ən yaxşı nəticə göstərən tələbələr növbəti mərhələdə təlimçi köməkçisi olaraq seçilirlər və bu da layihədə davamlılığı təmin edir. Bu layihə çərçivəsində həm də “E-library” marafonu, “Rəqəmsal könüllülər” qrupu və “Tech-club” icması komponentləri ardıcıl şəkildə fəaliyyət göstərəcək. "Rəqəmsal Kollec" təşəbbüsünün əsas məqsədi yalnız tələbələrə kompüter bacarıqları öyrətmək deyil, onları rəqəmsal mühitdə düşünə, araşdıra və istehsal edə bilən fərdlərə çevirməkdir. Hazırda tədrisdə tətbiq etdiyimiz yeni yanaşmalar tələbədən daha çox müstəqil araşdırma, təqdimat hazırlığı, layihə əsaslı tapşırıqlar və sərbəst işlər tələb edir. Bu isə rəqəmsal alətlərlə işləmə bacarığını zəruri kompetensiyaya çevirir. Bu bacarıqlar yalnız kollec mərhələsi üçün deyil, ali təhsil pilləsində də onların rəqabət qabiliyyətini artıracaq.
Digər mühüm istiqamət əmək bazarı ilə bağlıdır. Müasir dövrdə işə qəbul zamanı yalnız diplom deyil, səriştə və bacarıq əsas götürülür. Rəqəmsal kompetensiya artıq baza tələbi hesab olunur. Biz əmək bazarına bacarıqlı və uyğunlaşa bilən kadrlar göndərməyi hədəfləyirik. Strateji baxımdan isə məqsəd daha genişdir: Əgər kollecimiz ardıcıl şəkildə güclü, rəqəmsal bacarıqlara malik məzunlar buraxarsa və bu məzunlar iş həyatında uğur qazanarsa, zamanla bu, gələcək məzunların işlə təmin olunma ehtimalını daha da artıracaq və müəssisənin institusional imicini gücləndirəcək. Beləliklə, “Rəqəmsal Kollec” layihəsi qısamüddətli kurs təşəbbüsü deyil, uzunmüddətli reputasiya və keyfiyyət strategiyasının bir hissəsidir.
“Smart kollec” layihəsinə gəldikdə isə bu təşəbbüs çərçivəsində əsas diqqət layihə əsaslı öyrənmə, STEAM əsaslı dərslər və tətbiqi bacarıqların inkişafına yönəlib. Bu təşəbbüs tələbələrin “Scratch” platforması və “Makey Makey Kit” adlı innovativ alətlərlə innovativ layihələr hazırlamasını ehtiva edir. Bu yanaşma problem həlletmə bacarığını inkişaf etdirir, komanda işini gücləndirir, analitik və yaradıcı düşüncəni təşviq edir. Ən vacibi isə tələbə artıq passiv dinləyici olmur. O, layihə qurur, test edir, səhv edir və düzəldir. Bu isə real həyat bacarığıdır. Bu yanaşma uzunmüddətli perspektivdə kollecin tədris modelini daha çevik və əmək bazarına uyğun hala gətirəcək.
– Müasir dövrdə təhsil çox ciddi, yeni çağırışlarla zəngindir. Bu baxımdan kollecin tədris planları və ixtisaslarında yeniləmələr varmı və ya gözlənilirmi? Qarşıdakı dövrdə kollecin yeniləşən və gənclər üçün cəlbedici bir mühitə çevrilməsi üçün nə kimi təşəbbüs və planlarınız vardır?
– Hesab edirəm ki, əsas prioritet təhsil müəssisəsini sadəcə təhsil verən müəssisə deyil, inkişaf ekosisteminə çevirməkdir. Hazırda əsas diqqət mövzu yüklü proqram modelindən bacarıq əsaslı modelə keçidə yönəlib. Bu məqsədlə hər ixtisas üzrə təlim nəticələri yenidən formalaşdırılır, nəzəri və praktik saatların balansı təhlil edilir və tətbiqi komponentin payının artırılması istiqamətində iş aparılır. Eyni zamanda sərbəst iş və layihə komponentləri tədris planında daha sistemli yer alır. Tələbənin tədqiqat aparması, təqdimat hazırlaması, problem həlli üzərində işləməsi proqramın ayrılmaz hissəsinə çevrilib. Yenilənmə prosesi yalnız məzmun səviyyəsində deyil, qiymətləndirmə mexanizmlərində də aparılır. Qiymətləndirmə artıq yalnız biliyin yoxlanılması deyil, bacarıq və tətbiq imkanlarının ölçülməsi prinsipinə uyğunlaşdırılır.
Paralel olaraq yeni ixtisasların açılması istiqamətində də sistemli iş aparılır. Bu addım yalnız akademik genişlənmə deyil, regionun sosial-iqtisadi ehtiyaclarına cavab vermək məqsədi daşıyır. Regionlarda tez-tez müşahidə olunan problemlərdən biri gənclərin təhsil və iş imkanları üçün paytaxta köç etməsidir və nəticədə region insan kapitalını itirir. Hazırda yerli biznes strukturları, xidmət sektoru və dövlət qurumlarının ehtiyacları təhlil edilir. Hansı sahələrdə kadr çatışmazlığının olması və hansı istiqamətlərdə orta ixtisaslı mütəxəssislərə real tələbatın mövcudluğu araşdırılır. Bu sualların cavabı əsasında proqramlar formalaşdırılacaq.
Eyni zamanda, gələcəkdə kollecin daha cəlbedici mühitə çevrilməsi üçün akademik, sosial və peşə yönümlü komponentlərin inteqrasiyasını gücləndirməyi planlaşdırırıq. Bu məqsədlə mentorluq mexanizmlərinin qurulması, karyera istiqamətləndirilməsi görüşlərinin təşkili və işəgötürənlərlə daha sistemli əlaqələrin yaradılması üzərində iş aparılır. Paralel olaraq tədris və imtahan sisteminin elektronlaşması istiqamətində addımların atılması planlaşdırılır.
– Ümumiyyətlə, region təhsilinin inkişafı ilə bağlı nə kimi düşüncə və təklifləriniz vardır?
– Fikrimcə, region gənclərinin rəqəmsal imkanlara çıxışı paytaxt səviyyəsinə yaxınlaşdırılmalıdır. Bu, sosial ədalət məsələsidir. Çox insan düşünür ki, bir nəfərin səyi ilə ciddi dəyişiklik mümkün deyil. Sistemlərin köklü və sərt olduğunu, fərdi təşəbbüsün isə bu mexanizmlər qarşısında zəif qalacağını hesab edirlər. Bəli, inkişaf bir gündə və bir nəfərin səyi ilə mümkün olmur, lakin bir insanın mövqeyi, ardıcıllığı və inadı zamanla dalğa effekti yarada bilir. Kiçik görünən qərarlar və prinsipial yanaşmalar tədricən mədəniyyətə çevrilir. Bu gün kollecimizdəki yeniliklər mənim şəxsin uğurum deyil. Bu, yeniliyi dəstəkləyən müəllimlərin, təşəbbüskar tələbələrin və fədakar əməkdaşların birgə əməyinin nəticəsidir.



